z

Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına yardım mərkəzinin illik hesabatı

Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına yardım mərkəzinin illik hesabatı

25 IYUN / 2023 / 10:50

"Bakı Metropoliteni" QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşəbbüsü ilə MİHİ-nin nəzdində formalaşdırılaraq fəaliyyət göstərməklə ötən il may ayında yaradılmış metropolitendə işləyən Şəhid Ailələrinə və Qarabağ Müharibəsi Veteranlarına Yardım Mərkəzinin İdarə Heyətinin illik hesabat toplantısı keçirilib.
Tədbirdə MİHİ sədri Arif Mərdanov, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, İdarə Heyəti, metropolitendə işləyən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsinin veteranları iştirak ediblər. Qeyd edək ki, Bakı metropolitenində 28 nəfər şəhid ailəsi üzvü, 327 nəfər Qarabağ müharibəsi veteranı işləyir.
Hidayət Məmmədov çıxışında cəmiyyətin mövcud imkanları nəzərə alınaraq, bu kateqoriyadan olan işçilərin ehtiyaclarına həssas yanaşılmaqla operativ qərarlar verildiyini vurğulayıb.
Ötən 1 il ərzində mərkəzin fəaliyyəti barədə geniş hesabat verərək tam şəffaflığın təmin olunduğunu qeyd edən Arif Mərdanov hesabat dövründə mərkəzin 10 iclasının keçirildiyini bildirib,  yardımla əlaqədar müraciət edənlərin hamısına maksimum diqqət göstərməyə çalışdıqlarını diqqətə çatdırıb. A.Mərdanov qeyd edib ki, mərkəzin hesabına ümumilikdə 81 min manat maliyyə daxil olub, onun 59 min 200 manatı aidiyyəti müraciətlər üzrə xərclənib. Yardım üçün müraciət edən 127 şəhid ailəsi və müharibə iştirakçısına kömək olunub.
MİHİ sədri daha sonra gündəlikdəki 3 əsas məsələ barədə məlumat verib. Mərkəzin Əsasnaməsində dəyişiklik edilməsi, illik hesabatların “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytında dərc edilməsi və yeni İdarə Heyəti üzvlərinin seçilməsi müzakirəyə çıxarılıb.
Qarşılıqlı müzakirələrdən sonra səs çoxluğu ilə Əsasnamədə edilən dəyişikliklərə müvafiq olaraq, İdarə Heyəti üzvlərinin 3 ildən bir seçilməsi qərara alınıb.
Xatırladaq ki, Mərkəzin əsas maliyyə mənbəyi səhmdar cəmiyyətin və MİHİ-nin ayırdığı təyinatlı maliyyə vəsaiti hesabına formalaşır. Bununla yanaşı, MİHİ tərəfindən açılmış bank hesabına hər bir kəs könüllü olaraq maliyyə vəsaiti köçürə və qanunla qadağan edilməyən bütün digər ianələr də Mərkəzin maliyyələşməsini formalaşdıra bilər.