z
13 IYUL / 2020 / 17:38
“Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi aktual layihələrdən biri ilə bağlı verdiyi dəstəyə görə 2020-ci il iyulun 13-də “Bakı Metropoliteni” QSC-yə təşəkkür məktubu ünvanlayıb. Təşkilatın 2020-ci il ərzində fəaliyyətini əhatə edən altı aylıq hesabatın da əlavə olunduğu məktubda Bakı metropoliteninin sosial məsuliyyət çərçivəsində “Uşaq qaynar xətti” ilə bağlı təbliğat məlumatlarına yer verməsi qeyd olunub.
Qeyd edək ki, Daxili İşlər və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin, eləcə də UNİCEF və USAİD-lə əməkdaşlıq şəraitində “Ümidli gələcək” birliyinin müraciəti əsasında “Bakı Metropoliteni” QSC köməyə ehtiyacı olan uşaqların problemlərinin həlli, onlara hüquqi, psixoloji və digər yardımların göstərilməsi istiqamətində təbliğatın genişləndirilməsi məqsədilə informasiyanın yayılmasında öz dəstəyini əsirgəməyib. Qaynar xəttin hər kəsə əlçatan olmasının daha geniş auditoriyaya çatdırılmasında öz imkanlarından istifadə edən metropoliten bu sosial layihənin stansiyalarında həm statik formatda, həm də stansiya monitorlarında geniş təbliğini daim təmin edib.
Ümumiyyətlə, 2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra sərnişinlərə xidmət sahəsi və innovativ texniki yeniliklərlə bağlı nailiyyətlər sırasında yeraltı ictimai nəqliyyatın cəmiyyətimizin həyatında roluna baxışın da dəyişməsi də xüsusi yer tutur. Məhz sosial mahiyyəti ilə seçilən layihələr bu gün Bakı metrosunun yeni imicini müəyyən edir. “Uşaq qaynar xətti”nin timsalında yeni tipli sosial layihələrə verilən dəstəyin doğru qərar olduğu əyani təsdiqini tapır.
Hazırda Bakı metropoliteni dövlət qurumları, eləcə də ölkəmizdə fəaliyyəti ilə seçilən bir sıra aparıcı təşkilatlarla sıx əlaqəli şəkildə, həmçinin müraciətlər və təşəbbüslər əsasında bu tip əhəmiyyətli sosial aksiyalara xüsusi üstünlük verir.
“Bakı Metropoliteni” QSC ictimai və sosial məsuliyyət sərhədlərinin genişləndirilməsində bu nəqliyyat vasitəsinin rolunun və xüsusi çəkisinin artmasından məmnunluq duyur.