z

Bir qatar təmir və modernizasiyaya dayandırılıb 

Bir qatar təmir və modernizasiyaya dayandırılıb 

24 AVQUST / 2022 / 11:27

Bakı metropoliteninin Vaqonların əsaslı təmiri xidmətində daha bir qatarın orta təmirinə başlanılıb. Vaqonlar təmir dövründə modernləşdirilir - idarəetmə sistemi avtomatlaşdırılır və dövrün standartlarına uyğun qurulur. Son illərin statistikasına əsasən, nasazlıqların azalmasında modernləşdirmənin xüsusi çəkisi var.
Təmirə saxlanılmış qatarın vaqonaltı hissələri sökülüb və hazırda təftiş edilir. Mexaniki qovşaqlar, o cümlədən arabacıq və təkər cütləri yoxlanılır. Normativlərə əsasən, vaqonlar yuyularaq korroziyadan təmizlənib. Rəngləmə və digər kosmetik işlər də yerinə yetirilib. Ümumən, qumla təmizləmə, yuyulma və rəngləmə bokslarında - ekoloji tələblərə uyğun, hermetik sahələrdə aparılır.
Növbəti mərhələ çərçivəsində mexaniki, pnevmatik və elektrik hissələrdə işə başlanılıb. Hazırda elektrik xətləri çəkilir. Vaqonlarda dartı qüvvəsini tənzimləyən rele və kontaktorlar bloku yenilənəcək, hava sistemini qidalandıran kompressor aqreqatı müasir, səssiz və məhsuldar analoqları ilə əvəzlənəcək. Modernləşdirmə prinsiplərinə uyğun, sonrakı mərhələdə idarəetmə sistemi avtomatlaşdırılacaq. Bununla maşinist paneli, müasir qatarlarda olduğu kimi, bütün prosesləri elektron qaydada göstərəcək. Yeni nəzarət sistemi vaqonaltı avadanlıq və qurğulardan, güzgü və marşrut göstəricisindən siqnalları emal edərək idarəetmə panelinə ötürür. Başqa sözlə, nasazlıqların baş verməzdən əvvəl qarşısının alınmasına qədər, bu yeniliklər qatarın təhlükəsizliyinə zəmanət verir. Bununla maşinistin köməkçisi olan avtomat sistem idarəetməni asanlaşdırır və daha etibarlı edir.
Modernləşdirmə zamanı İtaliya istehsalı olan qapı sistemləri problemləri, o cümlədən qapılara istənilən müdaxiləni monitorda göstərir. Son illərdə xətlərdə olan qatarlarda qapı nasazlıqlarının əsaslı şəkildə azalması bu sistemin üstünlüklərinin göstəricisidir. 
Yekun işlər sırasında salondaxili işlər yerinə yetiriləcək. Xüsusən LED işıqlanma müasir, erqonomik və qənaətcildir. 
Pandemiya dövründə istehsalçı şirkətin təftiş prosesini məsafədən etməsi isə qatarlardakı yeniləşməni yerli mütəxəssislərin həyata keçirməsinə imkan verib. Bununla mütəxəssislərin təcrübə toplamasına, mühəndis-texniki biliklərini daha intensiv artırmasına, yeni kadrların və elmi potensialın inkişafına nail olunub.
Qeyd edək ki, orta təmir olunmaqla modernləşdirlmiş bir qatar isə xəttə verilib. İlin sonuna qədər daha bir qatarda orta həcmli təmir və modernləşdirmə işi başlanılacaq.