z

Altı yeni güclü ventilyator alınacaq

Altı yeni güclü ventilyator alınacaq

16 FEVRAL / 2022 / 16:39

2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator alınaraq quraşdırılacaq. Bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki “Ventprom” maşınqayırma zavodu ilə müqavilə imzalanıb.
Qeyd edilməlidir ki, ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir. 
Son illərdə bu istiqamətdə mühüm addımlar atılaraq, metropolitendə ventilyasiya sisteminin, o cümlədən qurğu və avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. 2018-ci ildə ventilyatorların çalışmasının dövrü qrafikinin fəsillər prinsipi ilə tənzimlənməsi, sonrakı il 7, 2020-2021-ci illərdə isə 10 yeni sənaye ventilyatorunun tətbiqi bu mənada həlledici yeniliklərdəndir.
Rusiyanın “Ventprom” şirkəti ilə müqavilə bağlanmasına qədər “Bakı Metropoliteni” QSC dünyada bu sahədə fəaliyyət göstərən müəssisə və sistemləri dərindən araşdıraraq, ən optimal variantı seçib. Rusiya şirkətinin ventilyatorları keyfiyyəti, texniki parametrləri ilə dünyadakı digər analoqlarından üstün və səmərəsi ilə seçilir. Bununla yanaşı, bu avadanlıq iqtisadi cəhətdən də daha münasibdir. Onun texniki qulluğu, təmir-təftiş prosesi daha rahatdır. Elektrik enerjisinə daha çox qənaət edir və idarəetmə şkafları tezlik çevricilidir. Şirkət server qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır. 
Qeyd edilənlərlə yanaşı, “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsas götürülməklə, yerli tələbata uyğunluğa, ələlxüsus Azərbaycan paytaxtının iqlimi, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət yetirilməsi baxımından da “Ventprom”un məhsulları uyğunluğu ilə seçilir. 
Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 4-ü “VOM 24-R” tipli olmaqla 75 kVt gücə malikdir. Onlar tunellərin havalandırılması üçün nəzərdə tutulub. Daha 2 ventilyator 55 kVt gücə malik olmaqla “VOM 20” tiplidir. Onlar stansiya və onlara yaxın tunellərin havalandırılmasına xidmət edəcəklər.
Əvvəlki avadanlıqlarla müqayisədə yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edəcək.
Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun olaraq, mərkəzləşmiş qaydada aparılacaq. Bu məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunacaq. Yeni ventilyatorlar həm də təhlükəsizliyin artırılması, xüsusən fövqəladə hallarda rejimdən rejimə daha sürətli və çevik keçid imkanına malikdir.
Yeni ventilyatorlar Qırmızı xəttin “Qara Qarayev-Neftçilər”, “Əhmədli-Həzi Aslanov” mənzillərində, həmçinin Yaşıl xəttin “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq.
Bununla yanaşı, metropolitenin tunel və stansiyalarında təbii havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində də işlər planlı şəkildə davam etdirilir. Bu məqsədlə, 2022-ci ildə dempferlərin alınaraq quraşdırılması da nəzərdə tutulub.