z

20-ci yeni nəsil qatarı xəttə buraxılıb

20-ci yeni nəsil qatarı xəttə buraxılıb

30 DEKABR / 2022 / 10:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bənövşəyi xəttin “Xocəsən” elektrik deposu və eyniadlı stansiya dekabrın 23-də istifadəyə verildikdən sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Bakı Metropoliteni” QSC daha bir yeniliyini təqdim edir.
“Xocəsən” elektrik deposunun açılışında dövlət başçısı həm də paytaxta gətirilmiş yeni metro vaqonları ilə tanış oldu. Bu gün həmin vaqonlardan ibarət, innovasiyalar baxımından sonuncu nəslə mənsub bir qatar xəttə buraxılır. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə metronun vaqon parkının yenilənməsi üzrə 2015-ci ildən başlanan böyük həcmli işlərin əhəmiyyətli tərkib hissələrindən biridir. Həmin ildən bu günə qədər metro xətlərinə yeni tipli, ən müasir standartların tələblərinə cavab verən 95 vaqon alınıb.
Artıq formalaşmış bu ənənənin davamı kimi, sərnişin daşımalarına qoşulan 81-765 B./81-766 B. modelli vaqonlardan ibarət 20-ci qatar Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsalıdır.
2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal edilib. Aparılan müvafiq sazlama işlərindən sonra yeni qatar sınaq və tənzimləmələri keşərək istismara buraxılır.
Yeni qatarlar servis üstünlükləri baxımından sərnişinlərin rəğbətini qazanıb. Vaqonlararası birbaşa keçid, salonun daha geniş və tutumlu olması (baş vaqonda 315, orta vaqonlarda 329 sərnişin), oturacaqların say çoxluğu (baş vaqonda 38, orta vaqonda 44), ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar və qapıların əvvəlki vaqonlardan daha enli olması bu vaqonların sərnişindaşıma imkanlarını artırır. Vaqonlardakı tutacaqlar da sərnişin sıxlığı nəzərə alınmaqla yerləşdirilib. İri yüklər, uşaq və əlil arabaları üçün sahələr ayrılıb.
Salonda kondisioner sisteminin yerli iqlim şəraitinə uyğun qurulması, xüsusən yay aylarında sərnişinlərin rahatlığına xidmət edən əsas funksiyalardandır. 
Yeni qatar texniki parametrləri ilə də əvvəlkilərdən fərqlidir. Onların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovatdır. Sifarişçinin texniki tələblərinə uyğun olaraq, vaqonlar Bakının yeraltı yollarının ağır hidrogeoloji şəraiti, Bakı metropoliteninin mürəkkəb xüsusiyyətləri nəzərə alınmaqla istehsal edilib. Məsələn, yol profilinin mürrəkkəbliyi qatar tərkibinin bütün vaqonlarının dartı mühərriki ilə təmin olunması tələbini doğurub.
Eləcə də vaqonlarda qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, daxili və xarici videomüşahidə cihazları qurulub. Videomüşahidə maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, vəziyyəti qiymətləndirməyə imkan verir. Sahəsi genişləndirilmiş maşinist kabinası sayıqlığa nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın toplanıb saxlanmaqla maşinistin monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib.
Yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək. Beləliklə, Bakı metropoliteninin vaqon parkında ən son nəsil vaqonların sayı 115-ə, yaxud qatarların sayı 23-ə çatdırılacaq. Bu isə sərnişindaşımanın xidməti keyfiyyətinin daha da artırılmasına şərait yaradacaq.


2015-2022-ci illərdə Bakı metropoliteninə gətirilmiş vaqonlar (qatar):

2015-ci ildə        15 vaqon (3 qatar)
2018-ci ildə        10 vaqon ( 2 qatar)
2019-cu ildə       30 vaqon  (6 qatar)
2020-ci ildə        20 vaqon (4 qatar)
2021-ci ildə        20 vaqon (4 qatar)
2022-ci ildə        20 vaqon (4 qatar)