z
18 OKTYABR / 2023 / 12:32
Metropolitendə ilk dəfə təşkil edilən elektrik dispetçeri vəzifəsi üzrə hazırlıq kursları müsbət nəticə verməkdədir. Bu günə qədər müraciət etmiş iddiaçılardan 2-si artıq təcrübəçi ştatı üzrə əmək fəaliyyətinə başlayıb. Daha 2 nəfər isə ibtidai hazırlıq mərhələsini uğurla davam etdirir. Ümumilikdə, çoxsaylı müraciətlərdən kursda iştirakı məqbul hesab edilmiş 4 nəfər isə müxtəlif subyektiv səbəblərdən ilkin hazırlıq müddətindən imtina edib.
Qeyd edək ki, iki müdavimin ümumi biliklərindən asılı olaraq, 2-3 ay davam edən ibtidai hazırlıq mərhələsindən sonra praktiki fəaliyyət prosesinə başlanılır. Xüsusi plan əsasında işlə təmin edilən namizəd mərhələli şəkildə elektrik təchizatı sistemi üzrə ümumi, elektrik yarımstansiyaları, o cümlədən dartı, güc, işıqlandırma, transformatorlar, güc kabellərinin təyinatı, yüksək gərginlik açarlarının idarəetmə, mühafizə, işarəvermə və s. istiqamətdə təcrübəsini artırır, işin xüsusiyyətlərini mənimsəyir.
Kursun yekununda imtahan verəcək namizədlərə Bakı metropolitenində işə cəlb edilmələri üçün ən münbit şərait yaradılır.
Bu isə gələcəkdə elektrik təchizatı sahələri üzrə universal biliklərə malik gənclərin dispetçer vəzifəsində uğurla çalışmasını, həmçinin karyera yüksəlişinə nail olmasını təmin edir.