z

"Xocəsən" deposu - texnoloji yeniliklər məkanı

"Xocəsən" deposu - texnoloji yeniliklər məkanı

23 DEKABR / 2023 / 13:56

Metropolitenin sayca 2-ci, müstəqillik dövrünün isə birinci elektrik deposunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılmasından bir il keçir.
Deponun bütün infrastruktur layihələrinin inşası 3 mərhələdə aparılacaq. Birinci mərhələdə xəttin 4 stansiyasını və tunellərini əhatə edən mövcud infrastruktur üçün mühüm olan sahələrin depo ərazisində fəaliyyəti təmin edilib. Yeri gəlmişkən, daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca, tələbata uyğun aparılacaq.
Deponun tikintisi onu Bənövşəyi xəttin ilk stansiyası olan “Avtovağzal”la birləşdirən tunellərin qazıntısından başlanıb. 1112 və 1235 m uzunluğu olan tunellərdə işlər Biləcəri qəsəbəsində sıx yaşayış sahəsinin altında - ağır hidrogeoloji şəraitdə aparılıb. Ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilib. Yaşayış sahəsində kanalizasiya xətlərinin olmaması vəziyyəti daha da mürəkkəbləşdirib, torpağa çökən çirkab suları qazmaçıların işini çətinləşdirib. Əlavə olaraq, tunellər dəmiryol magistralının, mühüm mühəndis kommunikasiya xətlərinin altından keçdiyindən qazıntı işlərində hər bir gözlənilməz qəza vəziyyətinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb.
Onu da qeyd edək ki, hər iki tunel yolu ağac şpalların deyil, metropolitenin öz istehsal sahəsində hazırlanan dəmir-beton bloklar üzərindədir. Eləcə də depo yollarında, ağac deyil, ölkəmizdə istehsal olunan beton şpallardan istifadə edilib.
Deponu ətrafdakı yüksəkliyin torpaq sürüşməsindən qorumaq məqsədilə istinad divarları tikilib. Vaxtilə bataqlıq və müxtəlif tullantıların atıldığı ərazi olan bu yerdə abadlaşma işləri aparılıb, yaşıllıqlar salınıb, ərazinin torpaq xüsusiyyətləri nəzərə alınmaqla, ağaclar əkilib. Bu günə qədər ərazidə 2000-dən artıq ağac və kol əkilərək yaşıllıq zolağı yaradılıb. Bu da ətraf ərazinin ekoloji mühitininin yaxşılaşdırılmasına əsaslı təsir göstərib. 
Birinci mərhələ üzrə depo infrastrukturuna qatarların hərəkəti, manevr işlərinin təşkili və prosesə nəzarət etmək üçün nəzərdə tutulan dispetçer mərkəzləşmə məntəqəsi, 35 kV-lıq elektrik yarımstansiyası, yük terminalı, depo yolları və onları Azərbaycan dəmir yolu magistralına birləşdirən yol hissəsi (budaq), hər biri 240 kubmetr həcmə malik 2 içməli su anbarı və hər birinin tutumu 500 kubmetr olan 2 yanğın su anbarı, 201 metr uzunluqlu güc kabeli kollektoru və müvəqqəti olaraq sərnişin qatarlarının xidməti üçün fəaliyyət göstərən motodepo, ən başlıcası, Bakı metrosunun 2-ci yerüstü stansiyası və s. daxildir.
“Xocəsən” deposunun işarəvermə və telekommunikasiya sisteminin quraşdırılması 2019-cu il martın 11-12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri zamanı - Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi çərçivəsində “Bakı Metropoliteni” QSC və “Thales International” şirkəti arasında bağlanmış iki mühüm müqavilə sənədi hesabına reallaşdırılıb. Qatarların hərəkəti işarəvermə, mərkəzləşmə va rabitə sistemlərinin ən müasir texnologiyaları əsasında təşkil edilib. 
Birinci mərhələdə, sınaq yolu da daxil olmaqla, 5298 dəmir-beton şpal üzərində qurulan 4,279 km uzunluqda olan hərəkət relsindən ibarət park yollarında 33 yoldəyişdirici qurğu, 23 qülləli, 19 cırtdan svetofor, 69 “ox sayğacı”, 25 min metr uzunluğunda siqnal kabeli var. Azərbaycan dəmir yollarına aparan budağın ümumi uzunluğu isə 1140 metrdir.
Unikal layihə əsasında aviasiyada tətbiq edilən modelə uyğun inşa olunmuş dispetçer idarəetmə məntəqəsi dairəvi formalı 5 mərtəbəli binadan ibarətdir. Ən yuxarı mərtəbədə mərkəzləşmə məntəqə növbətçisinin iş yeridir. Burada qatarların hərəkəti həm müasir avtomatika və telekommunikasiya avadanlığı ilə təmin edilir. Növbətçi həm də vizual nəzarəti həyata keçirə bilir. Depo ərazisinin videomüşahidə sistemi də bu binadadır. Digər mərtəbələrdə işarəvermə və rabitə avadanlıqları, mikroprosessor mərkəzləşməsi və rele stativləri, elektrik mexanikinin avtomatlaşdırılmış otağı yerləşir.
Deponun elektrik yarımstansiyasının nominal gücü 11.920 kVt, gərginliyi 35 kV-dur. Yarımstansiya qurularkən nəinki indiki, eyni zamanda digər mərhələlərdə inşa ediləcək təsərrüfat sahələrinin ehtiyacları da nəzərə alınıb. Burada 1000 kVA-lıq 2 və 630 kVA-lıq 4, eləcə də 1600 kVA-lıq 4 güc aqreqatı quraşdırılıb.
Depoda müasir mühafizə, informasiya-kommunikasiya, rabitə, yanğından mühafizə, işıqlanma sistemləri, 2 qazanxana fəaliyyət göstərir. Avtomobillərin parklanması üçün müasir avadanlıqlarla təchiz olunmuş sahələr ayrılıb. Hər iki buraxılış-nəzarət məntəqəsi xidməti vəsiqə ilə avtomatik nəzarət-qeydiyyatı təmin edən avadanlıqla təchiz olunub. Onların yaxınlığında müasir tipli avtoparkinq yaradılıb.
Elektrik deposu xətt üzrə hərəkət edən və ehtiyatda saxlanılan 6 qatarı qəbul edir. Xətt üzrə hərəkət intervalı “Xocəsən”dən 16 dəqiqə, “Avtovağzal-8 Noyabr” sahəsində isə 8 dəqiqə olmaqla təşkil edilir. Başqa sözlə, hər iki qatardan biri “Avtovağzal” stansiyasından “Xocəsən” stansiyası istiqamətində hərəkət edir.