z
21 DEKABR / 2023 / 14:53
Bakı metropoliteninin “Nərimanov” elektrik deposunda qatarların daha iki qulluq, təmir-baxış sahəsində (qanovlarda) əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Sərnişin sayının və bu səbəbdən xəttə verilən qatarların sayınının və hərəkət intensivliyinin əsaslı şəkildə artması, həmçinin cari dövr üçün mümkün ən optimal hərəkət qrafikinin tətbiqi, yeni istehsalat sahələrinin yaranması və ya genişlənməsi 1966-cı ildə inşa edilmiş depoda yenidənqurma tədbirlərini zəruri edib. Qırmızı və Yaşıl xətlərin yalnız bir elektrik deposunun olması bu addımları daha da şərtləndirir.
2014-cü ildən material-texniki təchizat sahələrinin işinin gücləndirilməsinə başlanması və 2017-ci ildən isə davamlı olaraq yeni sahələrin yaradılması dönüş nöqtəsinə çevrilib. Nəticədə, xətdən nasaz qayıdan qatarların sayının əsaslı şəkildə azalması, təmir prosesinin vaxtında və keyfiyyətli yerinə yetirilməsi, ehtiyat hissələr bazasının formalaşdırılması və bununla təmir prosesində ölkə xaricindən birbaşa asılılığın mümkün qədər azaldılması və s. çoxsaylı işlər əhəmiyyətli dərəcədə səmərənin təməlini qoyub. Bütün bunlar qatarların qulluğu və baxışı sahələrinin yenidən qurulması, xüsusən müntəzəm və operativ tədbirlərin görülməsi üçün müvafiq şərait olmadan effekt verə bilməz. Bu səbəbdən qatarların xəttə verilməsi sahəsində iş prosesinə xələl gətirmədən mərhələli yenidənqurma addımları atılır.
İstifadəyə verildiyi vaxtdan uzun illər yenidənqurma və texnoloji yeniləşmə aparılmayan depoda qatarların təmir-baxış və dayanma-gecələmə sahəsində görülən işlər çərçivəsində yenidən qurulan daha 2 sahədə qatarlara davamlı qulluq imkanları yaradılıb. Bu məqsədlə hər iki sahə tamamilə sökülərək yenidən inşa edilib. İndiyə qədər bu iki qanov yalnız dayanma üçün xidmət göstərirdi. İndi isə burada texniki baxış və qulluq da aparılacaq.
Yenidənqurma işləri çərçivəsində qanovlarda standartlara uyğun özül təbəqə çıxarılaraq dərinlik qazılıb və funksional fəaliyyət üçün eniş pilləkənləri qoyulub. Döşəmədə yeni beton özül təbəqə yaradılıb, divarlar suvanaraq rənglənib. Bu işlərə paralel, qanovların yan hissəsində baxış yolları müvafiq normativlərə uyğun, karbonat və çınqıl təbəqə ilə doldurularaq betonlanıb.
Qanovlarda yeni drenaj, müasir elektrik təchizatı və işıqlanma sistemi qurulub. Yolun müasir üstquruluşu elementləri qoyulmaqla, qatarların baş vaqonunun ön hissəsinə xidmət göstərmək üçün xüsusi qaldırıcı mexanizmlər də quraşdırılıb. Sahənin döşəməsi estetik görkəmə də təsir edən dayanıqlı epoksid maddə ilə boyanıb.
Yekunda yenidən qurulmuş qanovlarda qatarların qəbul edilməsi və xəttə buraxılması sahəsi üçün yeni tipli müasir kommutasiya qurğuları tətbiq edilib. Ümumən, bu günə qədər elektrik deposunda olan 32 qanovdan 15-i əsaslı təmir edilərək yenidən qurulub və müasir standartlar səviyyəsinə çatdırılıb.
Təmir çərçivəsində qanovlardan depo yollarına çıxan yol yatağı da tamamilə yenilənib. Dəmiryol yatağı sökülərək yeni tələblərə uyğun çınqıllı bünövrə əsasında dəmir-beton şpallar üzərində tam yeni infrastruktur yaradılıb. Ümumiyyətlə, son 3 il ərzində park yollarında mərkəzləşdirilmiş 8 yoldəyişdirici qurğu dəmir-beton çevirici tir üzərinə keçirilib. Qulluğu və xidməti asan, sadə, ömrü daha uzun olan bu sistemin yeni texnoloji modeli və müasirləşdirilməsi texniki optimallaşdırma baxımından böyük fayda verir. Həmin yenilik qatarların yoldan çıxma ehtimalını daha da aşağı salır. Daha bir üstünlüyü açıq hava şəraitində, xüsusən Bakının iqlim dəyişkənliyində davamlı və dağılmaya qarşı yüksək müqavimətə malik olmasıdır.