z

Metronun bütün stansiyalarında QR biletlə ödəniş mümkün oldu

Metronun bütün stansiyalarında QR biletlə ödəniş mümkün oldu

30 DEKABR / 2023 / 13:24

Nəqliyyat sahəsində xidmətlərin elektronlaşdırılması və rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində növbəti addım atılıb. Belə ki, artıq Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb. Sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər.
Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.

Yeni ödəniş üsulunun üstünlükləri nədir?

• Kartsız olması – “BakıKart” plastik kartını almağa sərf olunan vəsaitə qənaət etməyə imkan yaradır. QR bileti yaratmaq üçün sadəcə mobil telefonun internetə çıxışının olması kifayətdir.
• Vaxta qənaət – artıq “BakıKart” plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac yoxdur. Sərnişin hesabınınbalansını rahatlıqla “BakıKart” mobil tətbiqi üzərindən artıra və izləyə bilər. 
• Ödəniş tarixçəsinin izlənilməsi – sərnişin tətbiqdə ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər.

 QR biletlə necə ödəniş etmək olar?
QR bileti “BakıKart” mobil tətbiqini “Google Play” və ya “App Store” platformalarından yükləyərək və qeydiyyatdan keçərək yaratmaq mümkündür. Bu zaman “pul kisəsi”ndə balans ən azı 1 manat artırılmalıdır. Sərnişin yaradılmış QR bileti turniketdə ödəmə displeyinə yaxınlaşdıraraq keçid edə bilər.
QR bilet istifadəçiləri bunları bilməlidirlər:
• QR bilet yalnız bir gediş üçün etibarlıdır;
• QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
• QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
• Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
• QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün “BakıKart” mobil tətbiqi istifadəyə verilib.Bu tətbiq istifadəçilərə asanlıqla səfərlərini planlamaq, “BakıKart” plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə bilərlər.
Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.