z
30 YANVAR / 2024 / 10:30
2023-cü il Bakı metropoliteninin yol təsərrüfatı üçün daha bir neçə istiqamətdə yeniliklərin genişləndirilməsi ilə yadda qalıb. Metropoliten yollarının böyük bir hissəsi elektrik depolarında yerləşir və burada görülən işlər ümumi səmərəliliyin artmasına gətirib çıxarır.
“Nərimanov” elektrik deposunda əsaslı şəkildə təmir olunmaqla yenidən qurulan qatarların baxış-qulluq sahəsində görülən işlər xüsusi diqqət çəkir. Xidmət 2023-cü ildə modernləşdirilən 5 qanovdan 2-sini 2023-cü ildə yekunlaşdırıb. Burada dəmir-beton karkas üzərində 524 poqon metr uzunölçülü relslər qoyulub. Qanovların qarşısında park yollarının ağac şpalları 112 dəmir-beton şpalla əvəzlənib. Həmçinin buradakı R-50 tipli yoldəyişdirici qurğu dəmir-beton monolit üzərində yenidən qurulub. Məlumdur ki, depo yollarında qatarların bir yoldan digərinə keçirilməsi burada aparılan çoxsaylı manevrlərin təşkili, istənilən sahədən qatarın xəttə verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və onların fəaliyyəti daim nəzarət altında saxlanılır. Depoda isə belə yolların sayı xətlərdəkindən dəfələrlə çoxdur. Bu səbəbdən məhz depo yollarında yoldəyişdirici sistemlərdə yeniliklər və ballastsız əsasda qurulması mühüm yenilikdir.
Tək bu yolda deyil, R-50 tipli daha 2 yoldəyişdirici qurğu dəmir-beton çevirici tirlər üzərində yenidən qoyulub. 2024-cü ildə deponun əsas yenilikləri sırasında olaraq qatarlara qulluq səmərəsini artıracaq yeni təkəryonan sexin inşası da həmin sahəyə yeni yolun çəkilməsini tələb edir. Artıq bu istiqamətdə tədbirlər başa çatmaq üzrədir. Ümumiyyətlə, but tip qurğuların qulluğu daha asandır, sadədir, etibarlılığı və uzunömürlülüyü ilə seçilir.
56 ildən artıqdır fəaliyyət göstərən depoda köhnəlmiş sistemlərin və avadanlıqların, infrastrukturun yenilənməsi də vacibdir. Yollarda da eyni qayda ilə işlər aparılır. Deponun park yolunda yerləşən və üzərindən normadan artıq yük buraxılmış yoldəyişdirici qurğulardan biri, hər biri 2 dəst olmaqla, əksrels və tiyə ilə birlikdə çərçivə relsi, bundan savayı, 30,892 poqon metr gödək relslə dəyişdirilib.
Deponun park və dalan yolları da, demək olar, tam dəyişmək üzrədir. İl ərzində 549 yararsız ağac şpal əvəzlənərək yeni dəmir-beton şpallara dəyişdirilib. Bu da ölkəmizdə istehsal edilən şpallar olduğundan xüsusi əhəmiyyət kəsb edir. 11 mindən artıq şpaldan ibarət depo yollarının 80 faizə yaxını artıq dəmir-beton şpallar üzərinə keçirilib. Bu, dəmir-beton bloklarda olduğu kimi, şpallarla bağlı ölkə xaricindən asılılığın daha da azaldılması deməkdir. Həmçinin baxış, qulluq səmərəsi, təmirin az olması, açıq hava şəraitinin neqativ təsirlərinin də minimuma endirilməsi deməkdir.
Depolarla bağlı onu da əlavə etmək lazımdır ki, 2023-cü ildə həmin ərəfədə istifadəyə verilmiş “Xocəsən” elektrik deposunun infrastruktur kimi formalaşması dövrü başlanıb. Yollarla bağlı baxış, qulluq və xidmətlə yanaşı, əhəmiyyətli bir yenilik də edilərək, qatar tərkiblərinin dönmə dairəsi qurulub.
Tunellərdə də əsaslı yeniliklər və dəyişikliklər var. 2023-cü ildə “Cəfər Cabbarlı-Xətai” mənzili birinci yol istiqamətində daha 142 poqon metr yol yeni texnologiyalar tətbiq edilməklə, armatur-karkas üzərində qurularaq dəmir-beton bloklar üzərinə keçirilib. Bu, “Vollert Rheda UTS 300” sisteminin tətbiqinə şərait yaradıb. Yeri gəlmişkən, “İçərişəhər” stansiyası yolunda yararsız hala düşən gödək ağac şpallar dəyişdirilməklə, “Bakı Metropoliteni” QSC rəhbərliyinin qərarı ilə dəmir-beton blokların hərəkətin təşkili şəraitində tətbiqi məsələsinin öyrənilməsinə də başlanılıb. Ötən müddət ərzində 133 ağac şpal dəmir-beton blokla əvəzlənib. Bu təcrübənin ötən dövrü əyani nümayiş etdirir ki, mərhələ ilə uyğun sahələrdə sistemin tətbiqi tezliklə mümkün olacaq. Qeyd edək ki, “Vollert Rheda Track Slab” sistemli dəmir-beton bloklar daha etibarlı, təhlükəsiz, uzunömürlü, qulluğu sadə və asandır. Ona sərf edilən vəsait yerli istehsal olması ilə yol və gömrük xərclərinə qənaət olunmasına gətirib çıxarıb.
Tunel yolları da müntəzəm nəzarət altında saxlanılır. Çünki hərəkətin təhlükəsziliyi, ilk növbədə, yolların rahatlığından asılıdır. Bu məqsədlə tunellərdə 3145, həmçinin çınqıl üzərində olan 110 yararsız ağac şpal dəyişdirilib. Stansiya yollarında isə gödək ağac şpallar tətbiq edilir. Onlardan da 483-ü istismar müddətinə görə yararsız vəziyyətə gəldiyindən yenilənib.
Relslər də gündəlik nəzarətin xüsusi tərkib hissəsidir. Relslərdə əmələ gəlmiş qüsurların sayı və ölçülərinə, eləcə də üzərindən keçən norma yükünün limit həddinə görə 2023-cü ildə 5613,042 poqon metr R-50 tipli yol relsləri dəyişdirilib. Bu zaman uzunölçülü relslərdən istifadə olunmasına da xüsusi diqqət edilir. Çünki rels qovuşuqlarının azalması qatarların hərəkət təhlükəsizliyini daha da artırmağa, silkələnmə, səs-küyün azalmasına, fiziki və digər təsirlərin minimuma endirilməsinə imkan verir.
Tunellərdə yoldəyişdirici qurğuların sayı depo ilə müqayisədə çox olmasa da, nəzarəti daha vacibdir. Çünki onların fəaliyyəti günün istənilən vaxtı üçün əhəmiyyətlidir. Bu yollarda isə 14 yararsız ağac çevirici tir yeniləri ilə dəyişdirilib.