z
30 YANVAR / 2024 / 10:33
Bakı metropolitenində daha bir nümunəvi sahə təhlükəsizliyin mizan-tərəzisidir. Diaqnostik müayinə və yoxlamalar, metroloji təminat bazası və işin peşəkar səviyyədə təşkili Bakı metropolitenində illərin formalaşmış ənənəsinə dayanan bünövrəyə malikdir. Bu sahədə son illərdə iştirak olunan seminaralar, sərgilər, beynəlxalq miqyaslı tədbirlərdə metropolitenin bu sahəsi təqdir olunub. Burada ən ön planda olan qurğu kimi 2015-ci ildə istifadəyə verilmiş metropoliten infrastrukturunun çoxfunksiyalı unikal diaqnostika kompleksidir. Kompleksin mürəkkəbliyi və şaxəli fəaliyyət imkanları 2023-cü il ərzində bir sıra proqram təminatının yenilənməsi işi aparıldığı müddətdə dünya miqyasında müxtəlif mütəxəssislərin də diqqətini cəlb edib. Kiçik vaqon laboratoriyada olan funksional imkanların yenilənməsi dövründə də bu məsələlər aktual şəkildə ön plana çıxıb. Ümumilikdə, Bakı metropoliteninin nümunəvi təhlükəsizlik tələblərinin qorunmasında mərkəzin rolu danılmazdır.
Korroziya ilə mübarizənin həcmi işin əhəmiyyətini göstərir
Bakı metropoliteni paytaxtın ağır hidrogeoloji mühiti ilə mübarizənin ön sıralarında gedir. 2023-cü ilin hesabatlarına diqqət edərkən, qeyd olunmalıdır ki, metropolitenin istismarda və tikilməkdə olan obyektlərində 79 min 646.04 kvadrat metr çuqun tübinq korroziya məhsullarından təmizlənib və 67 min 866.93 kvadrat metr sahə korroziya əleyhinə boya ilə rənglənib və bu işlərə, onun keyfiyyətinə məhz Diaqnostika və metroloji təminat mərkəzi nəzarət edib, yoxlama və müayinələr aparıb. Ölçmələr aparılmış və keyfiyyət göstəricilərinə nəzarət edilmiş sahələrin ümumi sayı isə korroziyadan təmizləmə ilə bağlı 558, rəngləmə ilə əlaqədar 618-dir. Bu xüsusda tikilən və istismar olunan tunellər və tunel keçidləri, şaxtalar və s. obyektlərdə korroziyanın illik aşınmasını təyin etmək üçün ölçmə işləri 260 min 666.07 kvadrat metr və ya 9 min 468.1 metr sahədə aparılıb.
İstismar sahələrində (tunellərdə, qatarların əyləc və park yollarında) kimyəvi və elektrokimyəvi korroziyadan qorunması məqsədilə 1907 yerdə ölçmələr aparılıb. Onlardan 214-ü rels-tunel geyimi, 13-ü yoldəyişdirici qurğularda rels-tunel geyimi arasında, 760-ı relsdəki izolyasiya qovuşuqlarında, 416-sı rels-təmas relsi, 22-si yoldəyişdirici qurğularda rels-təmas relsi, arasında, 416-sı təmas relsi-kronşteyn arasında, 44-ü yoldəyişdirici qurğularda relsin izolyasiya müqavimətinin ölçülməsidir.
Bu sırada bir ildir ki, istifadəyə verilmiş "Xocəsən-Avtovağzal" mənzili də xüsusi nəzarətə götürülüb. Burada il ərzində normativlərə uyğun korroziya əleyhinə rəngləmə işləri aparılıb və mərkəz 49 min 482.61 kvadrat metr sahədə nəzarət işini həyata keçirib.
2023-cü ildə tunel geyiminin dayanıqlığının artırılması məqsədilə məhlulvurma işlərinə də nəzarət edilib. Bundan əlavə olaraq, "28 May-Nizami" mənzilinin 44.59 kvadrat metr sahəsində rəngləmə ilə bağlı sınaqlar aparılıb. "Xocəsən-Avtovağzal" mənzili və "Xocəsən" deposunda əyrixətli sahələrdə 26 dəfə titrəyiş yoxlanılıb, nəticələr təhlil edilib.
Qatarlar da xüsusi nəzarət altındadır. “Nərimanov” elektrik deposunda 71 təkər cütündə titrəyiş yoxlanılıb. Vaqonlarda 1 və 2 saylı cari və dövri təmirlər zamanı bukslardan və reduktorlardan götürülən yağ nümünələri əsasında 3264 analiz aparılıb və nəticədə 50-si keyfiyyətini itirmiş hesab olunaraq dəyişdirilib.
Ölçmə vasitələri təhlükəsizliyin əsas qiymətləndirmə şablonudur
Metropolitendə olan əsas ölçmə vasitələrinin saz və daimi işlək vəziyyətdə olması təhlükəsizliyin ən vacib elementidir. Bu isə dövrü yoxlamalar sayəsində təmin edilir.
Elektrik ölçmə cihazları. 2023-cü ildə metropolitendə 4 min 388 bu tipdən olan ölçü cihazı, qurğu və avadanlığı yoxlanılıb. Onlardan 120-sinin təmirə ehtiyacı olub, 46-sının isə təmiri mümkün olmayaraq, istismardan çıxarılıb. Ən çox metroloji vasitə Elektrik təchizatı xidmətindədir – 2092. Digər sahələrdən isə vaqon təsərrüfatı 1082, işarəvermə və rabitə üzrə 449, diaqnostika və metroloji yoxlamalarla bağlı 279, eskalator, travolator və lift sahəsində 276 elektrik ölçmə cihazlarından istifadə edən sahələrdir.
Mototəsərrüfatın da dövrü olaraq, müxtəlif metroloji yoxlamalara cəlb olunması zərurəti yaranır. İl ərzində 9 arabacığın təmirdən çıxmış təkər cütlərinin şunt müqaviməti yoxlanılıb.
İl ərzində metropolitenin 399 ölçmə vasitəsi “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsdə dövlət yoxlamasından keçirilib və sənədləşdirilir. 158 adda ölçmə vasitəsinin isə tipi təsdiq edilib.
Təzyiq ölçmə cihazları. Metropolitendə 977 bu tip cihaz yoxlanılıb və onlardan 65-i təmir edilib, 8-i yararsız olduğundan istismarı qadağan edilib. Bu cihazların ən çoxu vaqon təsərrüfatındadır – 665.
Bu cihazlarla bağlı 27 qatar tərkibinin təkər cütlərinin profili, ara məsafəsi və diametri yoxlanılıb.
Yüksək gərginlikli torpaqlama mühafizəsi cihazları: Metropolitendə ümumilikdə 11 min 208 elektrik qurğuları ilə torpaqlama qurğuları arasındakı metal birləşmələrin müqaviməti yoxlanılıb. Bununla bağlı, təbii olaraq, ən çox yoxlama Elektrik təchizatı ilə bağlı sahələrdə aparılıb – 5659. İşarəvermə və rabitə (2400) və mühəndis-texniki qurğularla (1342), eləcə də eskalator, travolator və liftlərlə (748) bağlı təsərrüfatlar da bu sırada seçilir.
2023-cü il ərzində texnoloji prosesdən kənar olmaqla strukturlardan sifariş əsasında 351 avadanlığın torpaqlanma müqaviməti yoxlanılıb.
Texnoloji proseslərin icmalı təhlükəsizliyə ən bariz nümunədir
Diaqnostika və metroloji təminat mərkəzinin texnoloji prosesə əsasən yerinə yetirdiyi işlərə nəzər salanda, metropolitendə hərəkət təhlükəzliyinin nə qədər mürəkkəb, lakin etibarlı mərhələlərdən keçirildiyini bir daha əyani görmək olar.
Metropoliten yollarının həndəsi parametrlərinin yoxlanması zəruri məsələlərdəndir. Bu mənada yeni istifadəyə verilmiş sahələr xüsusi diqqətdə saxlanılır. İl ərzində “Xocəsən-8 Noyabr” hər iki yol mənzillərində 116.6 km ölçmələr aparılıb. Qırmızı və Yaşıl xətlərin baş yollarında isə eyni ölçmələr 1519.308 km təşkil edib. Yol relslərinin 4729.6 km, yoldəyişdirici qurğuların isə 3731 dəfə olmaqla defektoskopiyası yerinə yetirilib. Yoxlamalardan sonra yolların defektoqram fayllarının şifrələrinin açılması və yoxlanması 2344 dəfə yerinə yetirilib. 406 dəfə şübhəli siqnallar əsasında təkrar yoxlamalar keçirilib. Relslərdə 395 qüsur aşkarlanıb və onlardan yalnız 4-ü kəskin hesab olunaraq aradan qaldırılıb. Təmas relsinin asılılıq vəziyyətinin yoxlanması 873.2 km, sonluğunun müayinəsi isə 4300 ədəd olmaqla aparılıb. Bu yoxlamalar zamanı 398 tədbir görülüb və xətlərdə problem olmayıb.
Texnoloji proseslərdən əlavə olaraq, verilən tapşırıqlar əsasında yoxlamalar da keçirilib. Yeni sahələrə xüsusi diqqət ayrıldığından “Avtovağzal-Memar Əcəmi” yol mənzillərində “AVİKON-02” və “UD 3-71” portativ defektoskop aparatları ilə 361 yoxlama keçirilib. “Xocəsən-Avtovağzal” mənzilində rels mailliyi 452 metr olmaqla yoxlamalara cəlb olunub. Yol təsərrüfatının sifarişi əsasında 197 dəfə qaynaq qovuşuqlarının ultrasəs müayinəsi aparılıb. “Nərimanov” elektrik deposunda (250 m), “Dərnəgül” (125 m), “İçərişəhər” (146 m) və “Xətai” (141 m) stansiyalarında, eləcə də yolları artıq hazır olan “8 Noyabr-B-04” tikinti sahəsində (220 m və 623 m) yolun plan və profilində vəziyyətinin parametrləri və təmas relsinin asılılıq vəziyyəti ölçülüb.
Qeyd edilənlərin, ilk baxışda, mürəkkəb terminoloji məsələlər kimi sərnişindaşıma prosesinin təşkilində əhəmiyyətinin qiymətləndirilməsi çətindir. Lakin ən sadə məntiqlə belə, bu qədər mürəkkəb işlərin yekun və ümumi hədəfi metropolitendə hərəkətin təhlükəsizliyidir. İl ərzində qatarların hərəkəti və digər texniki təhlükəsizlik məsələləri pozulmayıbsa, 2023-cü ildə Bakı metropoliteninin fəaliyyətini müsbət qiymətləndirmək olar.