z
25 YANVAR / 2024 / 10:46
Bakı metropoliteninin ən gənc xidmətlərindən olan Elektrik mühərriklərinin əsaslı təmiri xidməti cəmi 3 il ərzində öz sahəsi üzrə metropolitenə ən yüksək səmərə gətirməklə nəinki gözləntiləri doğruldub, hətta bu sahənin daha da genişləndirilməsinə zəmin yaradıb.
Bu sahə, ilk növbədə, Bakı metropolitenində olan çoxsaylı və geniş profilli sahələrdə mühərriklərin təmiri məqsədilə yaradılıb. Burada qatarların, eskalatorların, ventilyatorların, su nasoslarının vaxtilə pərakəndə fəaliyyət göstərən, əslində isə spesifikasiyası və funksional sistemi bir olan təmir sahələrinin fəaliyyətinin birləşdirilməsi həm də qənaətin təməlini qoydu. Faktiki, eyni dəzgahlardan müxtəlif təmir briqadalarına alınması, onların boşdayanma hallarını da nəzərə alsaq, vaxt və iqtisadi səmərə tam təmin edilib. İş vaxtı, əmək şəraiti, müasir avadanlıq, sistem və yanaşma tərzi, eyni zamanda ixtisaslaşmış işçi heyətinin formalaşdırılmasını da əlavə etsək, xidmətin yaradılmasının özünü tam doğrultması əyani görünər. Lakin bütün bunlar, sadəcə, inzibati və təşkilati qaydada əldə olunan nailiyyətlərdir. Ən əsas dəyişikliklər məhz sahələrdə kəmiyyətdən keyfiyyətə keçidlə başlayaraq, daha sonra məhz kəmiyyət baxımından da yüksək nəticələrə gətirib çıxardı.
2020-ci ildə fəaliyyətə başladığı dövrdə təmirlə bağlı 70.1 faiz göstəriciyə nail olan struktur, demək olar ki, metropoliten tarixi üçün inqilabi yenilik gətirdi. Lakin sonrakı illərdə rəqəmlər 81 faizin üzərində olmaqla daha da diqqət çəkməyə başladı. Burada dövriyyəyə daxil olan mühərriklərin təmirində nail olunan keyfiyyət sözünü deməyə başladı. Eyni zamanda bütün metropolitendə hətta elektrik alətləri və avadanlıqlarının təmirində də vahid standartlar tətbiq olundu. İlk növbədə, bütün alətlərin yerlərdə təmiri qadağan olunmaqla, xüsusi qaydada tənzimlənməyə başlandı. Yerlərdə işin səngiməməsi məqsədilə drel, perforator, laqonda, qaynaq aparatları və s. elektrik alətlərinin ehtiyat fondu yaradılmaqla, həm təmirin sürəti və keyfiyyəti təmin edildi, həm də sui-istifadə hallarının qarşısı alındı. Eyni zamanda alətlə davranış qaydalarında da xüsusi münasibətə nail olundu. Bunun nəticəsidir ki, 2023-cü ildə 395 alətdən yalnız 38-i təkrar istifadəyə yararsız hesab edilib və yaxud təmiri qeyri-mümkün olub. Bu isə təmirə verilmiş bütün elektrik alətlərinin 90,3 faizi deməkdir.
2023-cü il xidmətin fəaliyyətinə daha bir yeni hədəf gətirib. Təmir edilməyən məişət avadanlıqları da nəzərə alınmaqla, 87.3 faizlik nəticə ötən müddət ərzində ən yüksək nailiyyət hesab olunur. Xidmətə daxil olmuş qatarların “ДК-117”, “ТДМ-1” tipli 209 dartı mühərrikindən 176-sı və yaxud 84.2 faizi təmir edilib. Qatarların “ДК 408”, “ДК 410” markalı 126 hava kompressorunun hamısı elektrik mühərrikləri ilə birgə 100 faizlik təmir göstəricisi ilə geri qaytarılıb. Elə “ПЛ-72” tipli elektrik mühərriklərinin də hamısı – 77-si, eləcə də kiçik ölçülü 8 transformatorun hər biri tam təmir olunaraq sahələrə təhvil verilib.
Xidmət su nasosları ilə birgə asinxron tipli mühərriklərin təmirində də yüksək nəticələrə gəlib çıxıb və 106 avadanlıqdan 87.7 faizi və yaxud 93-ü təmir olunub.
Burada elektrik məişət avadanlıqları da təmir edilir. Lakin bu sahədə göstəricinin 12.3 faiz olması da gözləniləndir. Çünki hər bir sahədə samovar, elektrik çaydanı, soba, otaq ventilyatoru və s. bu kimi avadanlıqdan maksimum səmərəli istifadə olunur və yalnız istifadəyə yararsız hala düşdükdə xidmətə müraciət edilir.