z
25 YANVAR / 2024 / 10:48
Bakı metropoliteni sürətlə bütün sahələri ilə rəqəmsal, informasiya-kommunikasiya və digər innovativ texnologiyaların tətbiqini genişləndirməkdədir. 2023-cü il videomüşahidə sistemlərinin təkmilləşdirilməsi, vizual müşahidə imkanlarının genişləndirilməsi ilə əlamətdar olub. Hesabat dövründə videomüşahidə serverlərinin İP (internet protokolu) konfiqurasiyası yenidən dizayn edilərək tətbiqinə nail olunub. Metropoliten üzrə videomüşahidə serverləri yeni şəbəkəsi ilə müasirləşdirilib. “Xocəsən” elektrik deposunda infrastruktur quruculuğunun davamı kimi yeni sahələrdə kameralar quraşdırılaraq, bundan əlavə bir neçə sahədə tələbata uyğun olaraq yeniləşmə işləri aparılmaqla müvafiq proqram təminatına əlavə edilib.
Qatarların xətlərdə qaçışının avtomatik hesablanması məqsədilə növbəti 6 qatarda işlər tamamlanıb. Bununla da metropolitendə olan bütün qatarlarda yeni texnoloji imkanlar üçün fürsət yaradılıb. Dispetçer mərkəzinin fəaliyyəti metropoliten üçün ən ümdə vəzifələrdəndir. Təkcə qatarların hərəkəti deyil, demək olar ki, bütün infrastrukturun idarə olunması buradan həyata keçirilir. Bu xüsusda elektrik təchizatı dispetçerinin 18 monitordan ibarət videodivarı və videokontrollerləri tamamilə yenilənib və bu da işçi personalının fəaliyyətini yeniləşmiş qaydada təmin etməyə imkan verib.
2018-ci ildə ölkədə baş verən enerji böhranından sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı metropoliteni şəbəkəsi alternativ enerji mənbəyi kimi dizel generatorlarla təchiz edilib. 2023-cü ildə 11 ünvanda yerləşən dizel-generator stansiyalarının idarəetməsinin təməli olan SCADA proqram təminatı yenilənib və ən son standartların tələblərinə cavab verir.
Metropolitenin ən mühüm yeniliklərindən biri yeni fayl serverin qurulmasıdır. Bundan savayı, 6 serverdə yaddaş imkanları yenilənərək, tələbata və texnologiyalara uyğunlaşdırılıb. Bakı metropoliteni stansiyalarda olan sosial və kommersiya reklamları standartlarına daha birini də əlavə edib. “Gənclik”, “Nərimanov”, “Elmlər Akademiyası”, “28 May”, “20 Yanvar”, “Koroğlu” stansiya yolarında reklam monitorları ilə təchiz edilib və mərkəzləşmiş idarəetmə əsasında yeni sistem quraşdırılıb.
“Elmlər Akademiyası” stansiyasında inzibati binanın 6-cı mərtəbəsi əsas olmaqla, metropolitendə bütün yeni və əsaslı təmir edilərək yenidən qurulan sahələr şəbəkə kabelləri əsasında internetə və daxili kommunkasiya sistemlərinə çıxışları təmin edilib.
İl ərzində 254 kompüter təmir edilərək əməliyyat sistemi yenilənib. Kompüter istifadəçilərindən daxil olan 1572 elektron müraciətə baxılaraq yaranmış problemlər aradan qaldırılıb.