z

3 yeni qatar, 467 təmir, 4215 texniki baxış

3 yeni qatar, 467 təmir, 4215 texniki baxış

16 YANVAR / 2024 / 10:56

Bakı metropolitenində hərəkətin təhlükəsizliyi və sərnişindaşıma fəaliyyətinin çıxdaşsız yerinə yetirilməsi vaqon təsərrüfatının fəaliyyətinin düzgün qurulmasından çox asılıdır. 2023-cü il metropoliten xətlərində yeni nəsil qatarların sayının artması ilə əlamətdar olub. 2022-ci ilin sonlarında gətirilmiş 4 qatardan 3-ü məhz hesabat dövründə sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb. Bununla Bakı metropolitenində yeni nəsil vaqonların sayı 115-ə, qatarların sayı isə 23-ə çatdırılıb. Gün ərzində Qırmızı və Yaşıl xətlərə 40-46 marşrut üzrə xətlərin verildiyini nəzərə alsaq, günün ərzində xətlərdə olan qatarların 40-50 faizi məhz yeni nəsilə mənsub hərəkət tərkibləri olur. 
İl ərzində vaqonların əsaslı təmiri işləri istisna olmaqla, depo şəraitində mühüm təmir növlərindən sayılan cari və ya qaldırma təmiri qatarların tipindən asılı olaraq, normativlərə uyğun təmin edilib. Bu xüsusda 81-717/714 seriyalılar əsas götürülməklə, 3 saylı cari təmir 7 vaqonda aparılıb. Bundan savayı, qaçış məsafəsi normativlərinə uyğun olaraq, 40 vaqonda 2 saylı, 305 vaqonda 1 saylı cari təmir işləri yerinə yetirilib. Bu seriyadan olan vaqonlara il ərzində 4130 dəfə texniki baxış keçirilib.
Yeni nəsil, daha dəqiq desək, 81-760/761/763 və 81-765/766 seriyalı vaqonların normativ tələblərinə uyğun qaydada 1 saylı qaldırma depo təmirinə zərurət olmayıb. Lakin 75 vaqonda 1 saylı, 40 vaqonda isə 2 saylı dövri təmir işləri aparılıb. Ümumilikdə, 385 dəfə bu tip vaqonlara texniki baxış keçirilib.
Hesabat ilində depo şəraitində əmək və təmir imkanlarının yaxşılaşdırılması baxımından da əlamətdar olub. İlk növbədə, 12-20 saat ərzində xətdə hərəkət edən qatarların müntəzəm olaraq depoya qaytarılması və normativlərə uyun baxışın keçirilməsi diqqət mərkəzində saxlanılıb. Son illərdə xətlərdə qatarların hərəkət intensivliyinin artması, depoya giriş-çıxışların sayının artmasına səbəb olub. Bu səbəbdən baxış-qulluq sahələrinin (qanovların) yenidən qurulması da günün tələbinə çevrilib. Eyni zamanda 1967-ci ildən istismarda olan elektrik deposunun dövrün standartlarına uyğunlaşdırılması, müasir texnoloji yeniliklərin nəzərə alınması da vacibdir. Bu mənada 2023-cü ildə 5 təmir-baxış sahəsinin əsaslı təmir olunaraq yenidən qurulması xüsusi qeyd olunmalıdır. Bununla depoda olan 30 təmir-baxış sahəsindən tən yarısı əsaslı modernləşdirilib. Ən əsası, müvafiq qaydada dərinliyin təmin edilməsi qatarların əlavə manevr işi görülmədən yerində qulluq və xidmətinin təşkilini daha da sürətləndirməklə bu problemləri əsasən, aradan qaldırıb. Ekoloji tələblərə uyğun kommunikasiya sistemlərinin qurulması, elektrik təchizatı və işıqlandırma, həmçinin qatarların qəbulu və yola salınması üçün istifadə olunan kommutasiya sistemləri ən müasir tələblər səviyyəsində qurulub.
Hazırda depoda yeni nəsil qatarların təmiri və baxışının yerinə yetirilməsi məqsədilə mövcud infrastruktur daxilində yeni sahənin yaradılmasına da başlanılıb. Ötən il 6 hidravlik qurğu quraşdırılıb. Bununla da yeni tipli vaqonların baxışı və qulluğu daha da yüksəldiləcək. 81.717-714 seriyalı vaqonların qidalanma sistemi üçün 220 helium tipli akkumulyator batareyaları alınaraq quraşdırılıb.
İl ərzində ehtiyacları ödəmək üçün 10 ədəd təkər cütü, yeni nəsil vaqonların kondisionerlərinin süzgəclərini hazırlamaq üçün avadanlıq alınıb. Ümumən depo şəraitində qatarların kondisioner sisteminə baxış-qulluq və təmiri yerinə yetirən peşəkar qrup formalaşdırılmaqla, müvafiq sahə də yaradılıb. Burada əmək şəraiti və texniki təhlükəsizliyi təmin edən bütün infrastruktur qurulub.