z
28 YANVAR / 2022 / 13:55
“Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidən qurulmasının növbəti mərhələsi başlanıb. Görüləcək işlər çərçivəsində stansiyanın birinci yolunun 155 metr hissəsində ağac şpallar sökülərək dəmir-beton bloklar üzərində yeni yol infrastrukturu qurulacaq.
Stansiya yolundan əvvəl Bakı metropoliteninin tarixində istismar olunan tunel yolunda ilk dəfə dəmir-beton bloklar quraşdırılıb. Avqust ayında başlanmış yenidənqurma tədbirləri artıq yolun yeni üstquruluş elementlərinin quraşdırılması ilə davam edir. Buna qədər “Xətai” stansiyası istiqamətində tunelin 481 m hissəsinin təmas relsi, yol relsi və ağac şpalları sökülərək beton özülü dağıdılmışdı. Yeni yol yatağı normativlərə uyğun betonlandıqdan sonra müvafiq konstruksiya qurulmaqla yola dəmir-beton bloklar düzülüb və betonlanıb.
Betonun texnoloji proseslərə uyğun quruyub möhkəmlənməsi gözlənilərək, yola düzülmüş relslər termik üsulu ilə qaynaq edilib. Qarşıdakı dövrdə burada yolun digər üstquruluş elementləri qurulacaq.
Yenidənqurma işlərinin stansiya yolu ilə davam etdirilməsinə gödək şpalların və relslərin sökülməsi ilə başlanılıb. İlkin hazırlıq tədbirləri yekunlaşdırıldıqdan sonra betondağıdan mexanizmlər təmir meydançasına gətirilib. Yaxın günlərdə sərt beton özül tam dağıdılaraq, yeni yol infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətiriləcək.
Qeyd edək ki, buna qədər dəmir-beton konstruksiyalar “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının bir yolunda da dəyişdirilib. Ümumiyyətlə, ilk dəfə “Nərimanov” elektrik deposunun qatarların sınaq yolunda tətbiq edilmiş dəmir-beton bloklar “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda da tətbiq edilib.
Ölkə xaricindən gətirilən ağac şpallardan fərqli olaraq, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində Almaniya texnologiyaları əsasında qurulmuş sexdə hazırlanır. Bu isə əsaslı maliyyə qənaəti, iqtisadi və texnoloji səmərəyə şərait yaradır. Texniki qulluğa ehtiyacı yoxdur, uzunömürlüyü 50 ildən az deyil, ekoloji cəhətdən daha təmizdir. Müqayisə üçün qeyd edək ki, ağac şpallar 15-20 il istismar olunursa, “Cəfər Cabbarlı-Xətai” mənzili kimi mürəkkəb hidrogeoloji şəraitdə onların ömrü iki dəfə azdır.
Yeni yol infrastrukturu müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində qurulur. Yenidənqurma tədbirləri müasir üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə davam etdiriləcək.
Yeni yol quruculuğunun 3 ay ərzində tamamlanması və platforma səviyyəsində mərhələli əsaslı təmir işləri ilə davam etdirilməsi nəzərdə tutulub.