z
15 YANVAR / 2024 / 11:55
“Əlçatan metro” layihəsi çərçivəsində sərnişin sayı artıb. 2023-cü il bu istiqamətdə yeniliklər dövrü olub. 2023-cü ildə “Əlçatan metro” layihəsi üzrə əvvəlki illərlə müqayisədə rekord göstəriciyə nail olunub – 918 sərnişin daşınıb. Cəmi 7 nəfər sifarişdən imtina edib. Müqayisə üçün qeyd olunmalıdır ki, 2022-ci il ərzində “Əlçatan metro” layihəsindən 689 nəfər istifadə edib.
Layihə üzrə sifarişlərin icrası zamanı sərnişini müşayiət edən qrupa daxil əməkdaşlara əlavə təlimatlar keçilib, işin xüsusiyyətləri əsasında sınaqlar təmin edilib. Personalın əlavə texniki qurğularla təchizatı məqsədilə aparılmış monitorinqlər əsasında Rusiya istehsalı olan, müvafiq beynəlxalq sertifikata malik daha iki qurğu alınıb. Bu qurğular eskalator üçün nəzərdə tutulmaqla, texniki cəhətdən digər analoqlarından mobilliyi və təhlükəsizliyinin daha təkmil olması ilə seçilir.
Sərnişin fəallığının artması səbəbilə metropolitendə eskalator üçün nəzərdə tutulmuş iki yeni daşıma qurğusu da istifadəyə verilib. Bu istiqamətdə monitorinqlər və texniki imkanların genişləndirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.
Ümumiyyətlə, layihə metropolitendən istifadə imkanları məhdud olan şəxslər üçün yaradılıb. Əlil arabası istifadəçiləri ilə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud, ahıl və yaşlı olanlar, habelə uşaq arabası ilə hərəkət edənlər də bu xidməti sifariş edə bilərlər. Xidmətdən faydalanmaq istəyənlər 1-24 saat ərzində (050) 268 00 65 mobil rabitə, həmçinin “Bakumetro” (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro) mobil tətbiqindən istifadə edə bilərlər.