z
10 APREL / 2022 / 10:58
Dünyanın qədimliyinə görə bəlkə də ən birinci peşəsi inşaatçıdır. Axı bəşər övladı şüurlu məxluq kimi mövcudluğunu qorumaq üçün həm də özünə sığınacaq yeri yaratmalı idi. Əgər bir vaxtlar əcdadlarımız təbiətin verdiyi imkanlardan yararlanaraq dağlardakı mağara və kahalara sığına bilirdilərsə, sivilyizasiyanın sonrakı mərhələsində insan məkanını, yaşam mühitini özü öz əlləri ilə qurmalı, məskən salmalı oldu və bununla da “inşaat”, “tikinti”, “inşaatçı” anlayışları yarandı.
Azərbaycanda inşaatın tarixi əsrlərlə, minillərlə ölçülür. Qədim memarlığın bəşəri dəyərə malik nümunələrinə ölkəmizin hər bir bölgəsində rast gəlmək olur. İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb və dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycanın demək olar ki, hər bölgəsində məscid, karvansara, bazar, hamam, yaşayış binası, qala və s. tikililər Azərbaycanda regionların adı ilə tanınan inşaat və memarlıq məktəblərinin yaranmasına səbəb olub.
XX yüzillik Azərbaycan memarlığının inkişafına önəmli təsir göstərən yüzillik olub. Azərbaycan memarlığı Sovet dövründə və ondan əvvəl də öz orjinallığı, yüksək üslub xüsusiyyətləri, orta əsrlərdən əxz olunmuş milli elementlər zənginliyi ilə seçilib. Məhz XX yüzillikdə Azərbaycan inşaatı və memarlığında ən əhəmiyyətli hadisələrdən biri kimi yerin alt qatlarında tikinti əvvəlki dövrlərdən daha geniş miqyas və vüsət qazanıb. Bunun ən parlaq nümunəsi Bakı metropolitenidir.
Tikintisi 1950-ci illərin əvvəllərindən başlayaraq bu gün də davam edən yeraltlı nəqliyyat şəbəkəsi, paralel şəhərin füsunkar sarayları dünya memarlıq sənətinin inciləri sırasında dayanmağa layiqdir. Təkcə “Nizami” və müstəqillik illərində inşa edilmiş stansiyalar deyil, hətta Sovet metro memarlığının nümunələrindən olan stansiyalar da Azərbaycan milli memarlıq məktəbinin özünəməxsus çalarlarını layiqincə və bir vəhdət şəklində inkişaf etdirib.
Bu inciləri yaradan metro inşaatçıları, layihəçilər dövlət başçısı İlham Əliyevin aprelin 10-nu Azərbaycanda İnşaatçılar günü kimi qeyd olunması barədə 2009-cu il 16 dekabr tarixlı Sərəncamını bütün Azərbaycan inşaatçıları ilə yanaşı, onların da əməyinə verilən dəyərin aşkar ifadəsi sayırlar.
Şəhərin altında şəhər salanlar, bu bayramı iş başında, tikinti meydanlarında - Bənövşəyi xəttin şərti adları “Xocəsən” olan deposunun və stansiyasının, “B-04” stansiyasının tikinti meydançalarında qarşılayırlar.
Metropoliten kollektivi bütün ölkə, eləcə də metro inşaatçılarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, ölkəmizdə tikinti və quruculuq sahəsinin inkişafı üçün yaradıcı fəaliyyətlərində onlara cansağlığı, tükənməz enerji və yeni nailiyyətlər arzulayır.