z
27 MAY / 2022 / 10:00
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri də 1918-ci il mayın 28-i müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gündür.
Həmin tarixdən 104 il ötür. 1990-cı ildən Respublika günü kimi qeyd edilən bu bayram Milli Məclisin 15 oktyabr 2021-ci ildə qəbul olunmuş qərarı ilə Müstəqillik Günü olaraq qeyd edilir.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutub, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafının təməlini qoyaraq, 28 May tarixinin nailiyyətlərinin də qorunmasını bizim üçün vəzifə kimi müəyyən edib: “Azərbaycanı demokratiya yolu ilə, ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik, əbədi edəcəyik”.
Zəfərlə nəticələnən 44 günlük Vətən savaşı Azərbaycanın gücünü, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin nüfuzunu, rəşadətli ordumuzun əzmini, iradəsini, qəhrəmanlığını bütün dünyaya sübut etdi. Xalqımız yumruq kimi birləşərək düşmənə yerini göstərdi. Bu şanlı qələbə əbədi olaraq tarixdə qalacaq, Azərbaycan xalqı müzəffər və azad yaşayacaq, dövlətimiz güclü dövlət kimi qürurla var olacaqdır. Belə tarixi gündə ölkəmizin ərazi bütövlüyünün qorunması naminə uca şəhidlik zirvəsinə yüksələn qəhrəman övladların unudulmaz xatirəsini də, azadlıq qurbanlarımızla yanaşı, ehtiramla yad edirik. Qoy çətinliklərlə əldə edilən müstəqilliyimiz əbədi olsun!
Müstəqillik Günü münasibətilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi bütün xalqımızı təbrik edir, ölkəmizə firavan gələcək, əmin-amanlıq arzulayır.
Bayramınız mübarək, əziz həmvətənlər!