z
16 IYUN / 2022 / 16:00
1993-cü ilin 15 iyun günü Azərbaycan tarixində xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyub. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi...
Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi, erməni təcavüzü getdikcə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.
Xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən hərc-mərclik, gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi.
Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq, ata vəsiyyətini əsas tutaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. 2020-ci il sentyabrın 27-dən başlayaraq, cəmi 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əzmi, qəhrəmanlığı nəticəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi, 30 illik həsrətə son qoyulması Azərbaycan tarixində yeni parlaq səhifə açıb.
Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə deyib: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".
Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yola, irəliyə aparacaqdır.