z

Ən yüksək ballarla tələbə adını qazanmış metropolitençi övladları ilə görüş

Ən yüksək ballarla tələbə adını qazanmış metropolitençi övladları ilə görüş

16 SENTYABR / 2022 / 10:51

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ənənəyə sadiq qalaraq metropolitençi ailələrin yüksək balla (600 və daha çox) ali təhsil məktəblərinə daxil olan övladları və onların valideyinləri ilə görüş keçirib.
Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca qəbul imtahanlarında yüksək bal toplamış metropolitençi övladları barədə məlumat verilib. Bu il metropolitençi ailələrindən ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplamış 4 gənc ölkənin müxtəlif ali təhsil müəssisələrində oxumaq şansı qazanıb. Metropolitenin qatar maşinisti Vaqif Hacıbala oğlu Şirəliyevin oğlu Səid Şirəliyev I ixtisas qrupu üzrə 657.30 balla Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları fakültəsinə (tədris ingilis dilində), Elektrik yarımstansiyaları üzrə mexanik Taleh Paşayevin oğlu Urfan Paşayev II ixtisas qrupu üzrə 653.50 balla Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə (tədris ingilis dilində), İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəis müavini Səriyyə Akif qızı Abdullayevanın övladı Mehriban Abdullayeva I ixtisas qrupu üzrə 607 balla Azərbaycan-Fransız Universitetinin Kimya mühəndisliyi fakültəsinə, eskalator maşın zallarının ustası İdris Oruc oğlu Yusifovun övladı Seyid Yusifzadə isə 606.6 balla Bakı Mühəndislik Universitetinin Kompüter elmləri fakültəsinə (tədris ingilis dilində) qəbul olunublar.
MİHİ sədri Arif Mərdanov tələbələri QSC sədri Zaur Hüseynovun və kollektivin adından təbrik edib. O, nümunəvi övladlar böyüdüb boya-başa çatdırmış valideynlərə təşəkkürünü ifadə edərək, tələbə statusunu qazanmış gənclərə uğurlar arzulayıb, ailəsinə, Vətənə sədaqətli olmaqlarını diləyib.
Valideynlər və tələbələr diqqətə, həmçinin formalaşmış ənənələrə sadiq qalaraq, ailə üzvlərinin, xüsusən uşaq və yeniyetmələr, gənclər üçün müxtəlif layihələr keçirərək, kollektivçiliyin daha da möhkəmlənməsinə görə cəmiyyətin və həmkarlar ittifaqının rəhbərliyinə və bütün kollektivə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş metropolitençi övladlarına hədiyyə və pul mükafatları təqdim olunub.