z
01 IYUN / 2015 / 00:00
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Bakı Metropoliteni” QSC, «Qızıl aypara» cəmiyyəti və LAYF İctimai Birliyinin əməkdaşlığı ilə «Nərimanov» stansiyasının yeni təmir edilmiş keçidlərində rəsm sərgisi açılıb.
Cəmiyyətdə uşaqlar arasında çox rast gəlinən talassemiya və bu kimi qan xəstəliklərinə qarşı mübarizədə diqqəti artırmaq, könüllü və mütəmadi donorluğu təbliğ etmək və eyni zamanda könüllü qan donorlarına olan ehtiyacı və zəruriyyəti nümayiş etdirmək məqsədi ilə iki ay davam edəcək rəsm sərgisi bütün ziyarətçilər üçün açıqdır.
Rəsm sərgisinin açılışında Milli Məclisin deputatı Adil Əliyev, “Bakı Metropoliteni” QSC-nin İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva, «Qızıl aypara» cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, LAYF İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev, həmçinin müxtəlif təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sərgidə “Uşaqların inkişafında idmanın rolu”; “Qan donorluğunun təbliği və bu təbliğatın uşaqların sağlamlığında önəmi”; “Odlar Yurdu Azərbaycan”mövzularında 5-17 yaş arası uşaqlar tərəfindən çəkilmiş rəsm əsərləri nümayiş etdiriləckdir. İlk dəfə olaraq uşaqların rəsm əsərlərindən ibarət olacaq sərgi məhdud auditoriya ucun və qısa müddət ərzində yox “Bakı Metropoliteni” QSC-nin ev sahibliyi və dəstəyi ilə iki aydan daha çox müddətə olmaqla yüz minlərlə vətəndaşımızın və ölkəmizdə olan qonaqların ixtiyarında olacaqdır. Ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunlarını nəzərə alaraq rəsm əsərləri haqqında məlumat həm Azərbaycan dilində həm də ingilis dilində göstərilməkdədir. Stansiyanın hər iki çıxışında toplam 80 rəsm əsəri nümayiş etdirilir.
Sərgi avqust ayına qədər davam edəcək.