z

METROPOLİTEN AVROPA OYUNLARININ XİDMƏTİNDƏ

METROPOLİTEN AVROPA OYUNLARININ XİDMƏTİNDƏ

23 IYUN / 2015 / 00:00

Birinci Avropa Oyunlarının artıq 10 günü arxada qaldı. Yarışların keçirldiyi bütün idman obyektlərinin tribunalarında boş yerlər tapmaq çətindir. İdman həvəskarları onlar üçün yaradılmış nəqliyyat rahatlığı nəticəsində bu yarışları seyr edə bilirlər. Əlbəttə, burada metropolitenin rolu daha böyükdür. İdman yarışlarının tamaşaçıları əksər hallarda yeraltı nəqliyyatın xidmətindən istifadə edirlər. Bakı metropoliteni günün 19 saatı ərzində – səhər saat 6-dan gecə 01-ə kimi qapılarını sərnişinlərin üzünə açıq saxlayır. Oyunların açılış günü isə qatarlar saat 02-yə kimi işləyib və bağlanış günü də Olimpiya stadionunun sonuncu tamaşaçısı qatara minənə kimi işləyəcək.
Açılış gününün nəqliyyat təminatı sarıdan ən ağır yükü metronun üzərinə düşdüyü də aydındır. Olimpiya Stadionundakı açılış mərasiminə tamaşaçıların yarıdan çoxunu metro qatarları aparıb-gətirdi. Həmin gün xüsusi rejimdə işləyən yeraltı sərnişin konveyerinin bütün xidmətləri səfərbər olunmuş, bütün təhlükəsizlik tədbirləri görülmüşdü. Metropoliençilər bu günə ötən ilin əvvəlindən hazırlaşmağa başlamışdılar. Bu müddət ərzində stansiyalarda, piyada keçidlərində təmir işləri aparılıb, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə yeni sərnişin məlumat sistemləri tətbiq edilib, stansiyalarda yarışların keçirildiyi idman obyektləri, təhlükəsizlik tədbirləri barədə Azərbaycan və ingilis dillərində məlumatlar səsləndirilir, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün sərnişin axınının bütün istiqamətlərində və vaqonlarda videomüşahidə kameralarının funksionallığı genişləndirilib, xidmət heyəti, xüsusən də sərnişinlərlə birbaşa təmasda olan işçilər uniformalarla təmin edilib, oyunların təşkilatçılarına dəstək olacaq könüllülərlə treninqlər keçirilib. Mühafizə şöbəsinin işçiləri Fövqəladə Hallar Nazirliyi əməkdaşları ilə təlim-məşqlərdə xüsusi hazırlıq keçiblər. Stansiyaların sanitariya vəziyyətinə, xidməti heyətin zahiri görkəminə, xidmət mədəniyyətinin yüksəldilməsinə, metrodan istifadə qaydalarına ciddi əməl olunmasına nəzarət qat-qat artırılıb. Qatarlarda stansiyaların adları həm də ingilis dilində səsləndirilir.
Hərəkət xidməti Oyunların Əməliyyat Komitəsinin inteqrasiya qrupunun meropolitenin qarşısına qoyduğu tələbləri nəzərə alınmaqla işləyib hazırladığı sərnişindaşıma əməliyyat planı iyunun 6-da Oyunların açılış mərasiminin sınağı zamanı özünü bütünüklə doğrultdu. Açılış günü sərnişin axınına sinə gərən «Koroğu» stansiyası metropolitençilərin yüksək təşkilatçılığı, peşəkarlığı sayəsində bütün sərnişinləri mənzil başına rahat və təhlükəsiz çatdırdı. Daşıma prosesi hərəkətçilərin təxmin etdikləri qaydada davam etdi. Sərnişinləri «Koroğlu» stansiyasının Alov meydanı tərəfdəki keçidinin əvvəlindən vaqonlara kimi metropolitenin mühafizəsi üzrə polis bölməsinin, metropolitenin mühafizə şöbəsinin, stansiyada isə hərəkət və digər xidmətlərin işçiləri tərəfindən yaradılmış canlı divar müşayiət edirdi. Sərnişinlərin platforma üzərində sıxlıq yaratmaması üçün onların qatarlara minməsini sürətləndirən çağırışlar edilir və lazımi məlumatlar verilirdi. Platformaya hər iki dəqiqədən bir yaxınlaşan qatarlar öz sərnişin payını rahatca götürüb, tuneldə gözdən itirdi. İnsan seli isə kəsilmək bilmirdi. Amma təhlükəsizlik xidmətlərini narahat edən platformanın həddən artıq dolması müşahidə edilmədi. Alov meydanını «Koroğu» stansiyası ilə birləşdirən keçidin buraxıcılıq imkanı 12 min sərnişindən çox deyil. Yəni, bir saat ərzində bu stansiyaya 12 mindən artıq sərnişin daxil ola bilməz. Stansiya isə həmin günün daşıma əməliyyat planı ilə 90 min sərnişini bir saat ərzində hər iki istiqamətdə (həm mərkəzə, həm də Əhmədliyə) rahat daşıya bilərdi. Həm də onu da nəzərə almaq lazımdır ki, mərasimin başa çatdığı saatlarda metroda qatarların yüklənmə faizi ən aşağı səviyyəyə enir. Faktiki olaraq adi günlərdə bu vaxtlar stansiyalarda, demək olar ki, sərnişin qalmır. Yəni, «Koroğlu» stansiyasına qatarlar boş daxil olur.
Açılış günü metropolitenin hərəkət xidmətinin işçiləri öz vəziflərini layiqincə yerinə yetirdilər. Əlbəttə, növbətçiliyə cəlb edilmiş və həmin gün xidməti vəzifəsini icra edən bütün xidmətlərin nümayəndələrinin əməyi də xüsusi qeyd edilməlidir.
O gecə metropolitençilər bütün xətlərdə Birinci Avropa Oyunlarının tamaşaçılarını daşıyan qatarlara yaşıl işıq yandırdılar.