z

YARIMSTANSİYADA YENİ AVADANLIQLAR MÜASİR SİSTEMLƏRLƏ TƏCHİZ OLUNACAQ

YARIMSTANSİYADA YENİ AVADANLIQLAR MÜASİR SİSTEMLƏRLƏ TƏCHİZ OLUNACAQ

03 IYUL / 2015 / 00:00

Metropolitenin inkişaf planı yeni xətlərin çəkilməsi və stansiyaların tikintisindən savayı, mövcud maddi-texniki bazanın möhkəmləndirilməsi və müasir standartlar səviyyəsinə çatdırılmasını, bununla, təhlükəsizliyi və sərnişin rahatlığının ən yüksək həddə çatdırılmasını nəzərdə tutur. Dövlət proqramına uyğun olaraq, «28 May»dan sonra ikinci giriş-çıxışla təmin ediləcək daha bir dərin özüllü stansiya «Elmlər Akademiyası» olacaq. İnşaat işləri çərçivəsində buradakı elektrik yarımstansiyasının yenilənməsi də nəzərdə tutulur. Çünki stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşdiyindən yarımstansiyanın yeni şərtlərlə qurulması daha məqsədəuyğun, həmçinin mənəvi cəhətdən köhnəlmiş və istismar müddəti başa çatmaq üzrə olan avadanlıqların yeniləşdirilməsi də vacib idi. Bu isə öz növbəsində məhsuldarlığı, effektivliyi artırmağa, gələcəkdə xəttin və genişlənəcək stansiyanın elektrik təchizatını etibarlı qaydada yerinə yetirməyə kömək edəcək.
Ötən gün yarımstansiyanın avadanlıq və sistemlərlə təchizatında yaxından iştirak edən «Pluton» şirkətinin baş direktoru Dmitri Ovsyaniker və kommersiya direktoru Yuri Voloşin Bakı metropoliteninə səfər edərək, qarşıdakı mərhələ ilə bağlı vəziyyəti müzakirə ediblər, həm də vəziyyəti yerində qiymətləndiriblər. Yarımstansiyada avadanlıqların quraşdırılması zamanı yerli mütəxəssislərin keyfiyyətli işini yüksək qiymətləndirən şirkət rəsmiləri, əvvəlki illərin təcrübəsinə uyğun olaraq, bundan sonrakı mərhələdə də bunun işin axarına müsbət təsirinin olacağına əminliklərini ifadə ediblər. Bundan sonra vacib mərhələ – avadanlıqlara həyat verilməsi dövrü başlanacaq.
Qeyd edək ki, yarımstansiyada 10 kV, 825 V, 380 və 220 V-luq paylayıcı quruluşlar, 3 düzləndirici aqreqat, 2 güc və bir o qədər də işıqlanma və SAT transformatorları, eləcə də sabit cərəyan, ventilyasiya, soyutma kimi avadanlıq və sistemlər artıq tam quraşdırılıb. Onlar hamısı mikroprosessor sistemlərinə söykənən müasir avadanlıqlardır. Əsas avadanlıqların quraşdırılması başa çatdığından diqqət sistemlərin quraşdırılma dəqiqliyi, mexanizmlərin etibarlı proqram təminatı baxımından avtomatika və avtoteleidarəetmə sistemlərinin təminatına yönəlib.
Plana müvafiq şəkildə yarımstansiyada təchizatla bağlı son tədbirlərin görülməsi başlanıb. Kabellərin əsas daşınma sahəsi olacaq şaxtada son işlər başa çatdırılıb. Yarımstansiya üçün planlaşdırılmış müxtəlif kabellər gətirilərək, işə başlanıb. Birinci mərhələdə işıqlanma sistemi üçün kabelləşmə başa çatmaq üzrədir. Daha sonra müxtəlif gərginlikli kabellər, müvafiq sistemə uyğun şəkildə çəkiləcək.
Kabellər çəkildikdən sonra yarımstansiyada axırıncı, lakin ən vacib mərhələ başlayacaq. Avadanlıqlar və sistem virtual deyil, real güc altında yoxlanılacaq. Avadanlıqların quraşdırılması ilə bağlı vəziyyətdən məmnun qalan Ukrayna şirkətinin rəhbərliyi ilə bu mərhələdə görüləcək işlər, müqaviləyə uyğun olaraq, aparılacaq diaqnostika və s. işlər barədə məlumat təqdim edərək, sistemlərlə bağlı son incəlikləri müzakirə ediblər.
Onu da əlavə edək ki, hazırda Ukraynanın «Malada» şirkəti yarımstansiyanın havalandırma sistemləri üzərində çalışır. Müasir və davamlı sistemlərlə yanaşı, bu işdə yarımstansiyanın təbii mühitinin də müvafiq şərtlərə yaxınlaşdırılması vacibdir.