z
14 NOYABR / 2022 / 15:26
Bakı metropolitenində ilk dəfə 14 Noyabr – Diabetlə Beynəlxalq Mübarizə Günü münasibətilə Milli İdman Tibb və Reabilitasiya Mərkəzinin (MİTRM) təşkilatçılığı ilə aksiya keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd son illərdə geniş yayılmış bu xəstəliklə mübarizədə ölkəmizin peşəkar mütəxəssislərinin iştirakı ilə əhalinin maarifləndirilməsinə və məlumat bazasının genişləndirilməsinə töhfə vermək, insanların bu xəstəliyə diqqətini artırmaq və qabaqlayıcı tədbirlər görməsinə dəstək olmaqdır.
“İçərişəhər” stansiyasının vestibülündə keçirilən aksiya zamanı MİTRM-in həkim və mütəxəssisləri diaqnostik profilaktika tədbirləri çərçivəsində müraciət edən sərnişinləri ödənişsiz müayinə edib, bir sıra spesifik testlər aparıblar. Aksiya məkanına yaxınlaşanların boy və çəkisi, arterial qan təzyiqi yoxlanılıb, çəki indeksinin hesablaması barədə məlumat verilib, qanda qlükozanın səviyyəsinin ekspres-testləri keçirilib və digər müayinə üsullarından istifadə olunub. Aparılmış müvafiq müayinələr əsasında sərnişinlərə həkim tövsiyələri verilib.
Tədqiqatlar göstərir ki, inkişaf etmiş ölkələrdə məhz qabaqlayıcı nəzarət tədbirləri kimi insanların maarifləndirilməsinə xüsusi diqqət yetirilir. Bir sıra hallarda insanlar məhz məlumatsızlıq və səhhətlərinə diqqətsizlikdən bu xəstəlikdən vaxtında xəbərdar olmur, profilaktik tədbirlər görmürlər.
Mütəxəssislər artıq çəki və piylənmənin bu xəstəliyin əsas mənbəyi olması, düzgün qidalanma, fiziki aktivliyin əsasları və digər məsələlərlə bağlı maarifləndirici vərəqələr paylayıb, əlavə məlumatlar veriblər.