z
22 SENTYABR / 2015 / 00:00
«Bakı Metropoliteni» QSC sədrinin müvafiq əmrinə uyğun olaraq, «Cəfər Cabbarlı-Xətai» mənzilinin I baş yolunda sağlamlaşdırma işlərinin aparılması ilə əlaqədar cari ilin fevral ayından etibarən elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılmışdı.
Bu, həmin sahədə görülən iş həcminin böyüklüyü və bu səbəbdən də tunelin sağlamlaşdırılması üzrə tədbirlərin gecə - gündüz aparılması tələbindən irəli gəlirdi.
Bu müddətdə sərnişinlərin daşınması mənzilin II yolunda iki qatarın 10 dəqiqə intervalla hərəkəti ilə təşkil edilmişdi. Nəzərdə tutulan sağlamlaşdırma işlərinin böyük həcmi artıq yerinə yetirildiyindən, işin qalan hissəsini yalnız gecə vaxtı, elektrik qatarlarının hərəkəti dayandıqdan və təmas relsindən gərginlik çıxarıldıqdan sonra yerinə yetirmək mümkündür.
Yeni tədris ilinin başlanması ilə əlaqədar metropolitendə sərnişin sıxlığı yarandığından, hal-hazırda «Cəfər Cabbarlı-Xətai» mənzilində bir elektrik qatarının məkik hərəkəti sərnişindaşıma tələbini ödəmir. Bundan əlavə, sözü gedən mənzildə qatarların hərəkət etməməsi orada rütubətin səviyyəsini də xeyli artırıb, bu da tikililərə, qurğulara və avadanlıqlara mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq, «Bakı Metropoliteni» QSC rəhbərliyinin tapşırığına əsasən, 22 sentyabr 2015-ci il tarixindən «Cəfər Cabbarlı-Xətai» mənzilinin I baş yolunda elektrik qatarlarının hərəkəti 8 dəqiqə intervalla bərpa olunub.