z
06 NOYABR / 2015 / 00:00
Metropolitençilərin peşə bayramı münasibətilə təşkil edilmiş ənənəvi spartakiadaya yekun vurulub. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən builki idman yarışları da kəskin rəqabət şəraitində keçdi. Yarışlar 9 idman növündə keçirilib. Voleybol və kəndirdartma turnirlərində depolar üzrə iş departamentinin komandaları, stolüstü tennisdə elektromexanika xidmətindən Fərhad Məmmədov, daşqaldırmada qatar maşinisti Ramil Sadıqov, qol güləşində tunel qurğularının fəhləsi Vüsal Zeynalov, nərddə eskalator maşinisti Qədir Qasımov, şahmatda elektrik deposunun çilingəri Cəlil Cəlilov, damada xüsusi tamamlama işləri dəstəsinin fəhləsi Ramin Salahov qalib gəliblər.
Spartakiadaya ənənə üzrə futbol turnirinin final görüşü ilə yekun vurulub. Yol təsərrüfatının komandası depolar üzrə iş departamentinin kollektivinə 4:2 hesabı ilə qalib gəlib. Diaqnostika və metroloji təminat mərkəzinin futbolçularına qalib gəlmiş elektromexanika xidmətinin komandası 3-cü yeri tutub.
Final qarşılaşması başa çatandan sonra Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) və xidmətlərin rəhbərlərinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.
Ümumi komanda hesabında depolar üzrə iş departamenti 1-ci, elektromexanika xidməti 2-ci, tunel qurğularının kollektivi isə 3-cü yeri tutub.