z

Metropoliten qışa tam hazırdır

Metropoliten qışa tam hazırdır

12 NOYABR / 2015 / 00:00

Qarşıdan qış fəsli gəlir. Doğrudur, Bakının qarlı-şaxtalı qış günləri uzun sürmür. Lakin qısamüddətli olsa da, onun nəqliyyatın fəaliyyətinə təsiri izsiz ötüşmür. Əlbəttə, belə günlərdə metro şəhər sakinlərinin və qonaqların ən etibarlı, əvəzedilməz, həm də daha rahat və təhlükəsiz hərəkət vasitəsinə çevrilir. Artıq illərdir paytaxtın yeraltı polad magistralı qışın qarının-şaxtasının təsirlərini hiss etdirmədən öz işini həmişəki ahəngi ilə, səlisliklə, rəvanlıqla yerinə yetirir.
Söz yox ki, «qışın yerin altı ilə hərəkət edən qatarlara elə bir təsiri olmur» deyə fikirləşmək olar. Əslində bu belə deyil, cüzi diqqətsizlik yetər ki, hər şey tam əksinə olsun. Havanın dəyişməsi metropolitendə qatarların hərəkətinin tənzimlənməsinə, ələlxüsus da onların xəttə verilməsində, həmçinin sərnişinlərin metroya enib-qalxmasına təsiri böyükdür.
Metropoliten hələ yaydan qışını qarşılamağa başlayır. Builki tədbirlərə iyunun 29-da «Bakı Metropoliteni»QSC-nin sədri Zaur Hüseynovun istismar təsərrüfatlarının payız-qış mövsümünə hazırlanması barədə əmri ilə başlanılıb. Həmin əmrdə bütün xidmətlər üzrə görülməli olan olan işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilməklə, vəzifələr müəyyənləşdirilib və icra müddəti qeyd olunub.
QSC sədrinin müavini Hidayət Məmmədova tapşırılıb ki, qışa hazırlıq işlərinin yerinə yetirilməsinə nəzarət gücləndirilsin və zərurət yarandıqda müvafiq kömək göstərilməsi üçün təcili tədbirlər görülsün.
Eyni zamanda, istismar üzrə baş mühəndis Əlixan Osmanovun rəhbərliyi ilə operativ qərargah yaradılaraq, həllini gözləyən bütün məsələlər nəzarətə götürülüb, komissiya baxışı keçirilib. Əmrə əsasən, hazırlıqla bağlı QSC sədrinə mütəmadi məlumat təqdim edilib.
Artıq qışa hazırlıq planı yerinə yetirilib. Qarlı-şaxtalı günlərdə sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı məsələlər, əsasən, qatarların hərəkətinin, eləcə də sərnişinlərin stansiyalara daxil olub-çıxması ilə bağlı olur. Bununla əlaqədar, qar və buz bağlayan yerlərin təmizlənməsi üçün stansiyalar müvafiq inventar, avadanlıq və materiallarla təmin edilib. Metropolitenin yeganə yerüstü stansiyası olan «Bakmil»də hazırlıq tədbirləri, bütün stansiyalarda işçi heyətinin hazırlığı məqsədilə təlimatlar keçirilib və təkrarən davam etdirilir.
Metro üçün qarlı günlərin ən mühüm məsələsi qatarların «Nərimanov» elektrik deposundan xəttə verilməsini və qəbulunu təmin etməkdir. Bununla bağlı, həmişəki kimi, yol xidmətinin nəzdində qarla mübarizə qərargahı yaradılıb. Onun bütün müvafiq avadanlıq, material və məmulatla təchizatı həllini tapıb. Yolların, xüsusən də yolayırıcıların və qovuşuqların təmizlənməsi üçün işçilərin siyahısı tutularaq, sahələr üzrə briqadalar müəyyənləşdirilib. Bütün avadanlıqlar, ləvazimatlar, geyim dəstləri, məişət əşyaları tələbata uyğun yoxlanılıb, bəziləri tam yenilənib, səliqə-sahman yaradılıb, sahələrdə təmir-bərpa işləri görülüb. Burada bütün avadanlıqlar, yenilənib. Həmçinin isitmə sistemi, geyim dəstlərinin quruducularının vəziyyəti təftiş edilib. Radiorabitə üçün ilkin sınaqlar da aparılaraq tənzimlənib, radioqovşaqda müvafiq işlər yerinə yetirilib. Qarla mübarizə dövründə çalışacaq işçilərin qərargahdakı ən kiçik məişət məsələlərinə də diqqət ayrılıb və lazımi planlar tərtib olunub.
Bu qrupların tam hazırlığının təmin edilməsi məqsədilə təlimatlandırma işinə xüsusi diqqət verilib. Builki qarla mübarizədə ilk dəfə iştirak edəcək işçilərlə xüsusi təlimatlar keçirilib, praktiki məşğələlər aparılıb və bu proses davamlı olaraq aparılacaq. Həmçinin bütün xidmətlərin işinin tənzimlənməsi ilə əlaqədar tədbirlər də tam icra edilərək, müvafiq müzakirələr aparılıb və birgə fəaliyyət planı təsdiqlənib.
Bir sözlə, metropoliten qışın istənilən şıltaqlığı şəraitində fəaliyyət göstərməyə tam hazırdır.