z
04 DEKABR / 2015 / 00:00
“Bakı Metropoliteni” QSC-nin son dövrlərdə həyata keçirdiyi sosial layihələr ictimaiyyətin diqqətini cəlb edib və maraqla qarşılanıb. İndiyə qədər rəsm və foto əsərlərin sərgisi təşkil edilmiş metropolitendə bu dəfə fərqli layihə həyata keçirilir.
Bu gün «28 May» stansiyasının əsas girişində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərin ifası qarşılayıb. Milli Konservatoriyanın məzunlarından ibarət simli kvartet dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət milli musiqi üçlüyü isə Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarını ifa ediblər.
Layihənin əsas məqsədi dahi bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə verərək, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etmək və sərnişinlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etməkdir.
Hər həftənin cümə və şənbə günləri olmaqla, layihə dekabr ayının sonuna qədər davam etdiriləcək. Cümə günləri «28 May», şənbə günləri isə «İçərişəhər» stansiyalarında sərnişinlərə canlı musiqi nümunələri təqdim olunacaq.
Qeyd edək ki, buna qədər metropolitendə daha üç sosial layhiyə həyata keçirilib. İlk belə layihə olan talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi «Nərimanov» stansiyasının keçidlərində təşkil olunmuşdu. Hazırda burada «Dünya rəssamları» sərgisi davam edir. «Gənclik» stansiyasının keçidlərində isə foto əsərlərdən ibarət sərgi təşkil olunub.