z

Bakı metropolitenində 20 Yanvar tarixi xüsusi mərasimlərlə qeyd edilir

Bakı metropolitenində 20 Yanvar tarixi xüsusi mərasimlərlə qeyd edilir

20 YANVAR / 2023 / 14:20

1990-cı ilin qanlı 20 yanvar gecəsinin 33-ci ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilir. Sovet qoşunlarının amansızlıqla müxtəlif istiqamətlərdən güllə-baranla şəhərə soxulduğu o gecə xüsusi fədakarlıq nümunəsi göstərərək, səhərə qədər işinin başından çəkilməyən metropoliten kollektivi faciənin miqyasının dəfələrlə böyük olmasının qarşısının alınmasında əvəzsiz xidmət göstərib.
Xalqımızın azadlıq yolunun dönüş nöqtəsi olan o gecənin və onun günahsız şəhidlərinin xatirəsi Bakı metropolitenində daim əziz tutulur və xüsusi tədbirlər və mərasimlərlə anılır. Bu il də həmin tarixi adında daşıyan “20 Yanvar” stansiyasının platformasının sütunlarına, döşəməsinə, vestibüldə isə 20 Yanvar tarixi şəhidlərinin və 1994-cü il 19 mart terroru qurbanlarının adlarının həkk olunduğu divarlara xüsusi tərtibatlı qərənfil çələngləri yerləşdirilib. Stansiya platformasında metropolitençilərdən fəxri qarovul dəstəsi düzülüb.
Saat 12:00-da ölkə ərazisində bütün yollarda və nəqliyyat vasitələrində olduğu kimi, metropoliten tunellərində olan bütün qatarlar stansiyalara çıxarılıb və stansiyalarda onların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib. Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd ediblər.
Bu gün bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə günün ruhuna uyğun musiqi parçaları səsləndirilir. Stansiyalara daxil olan qatarlarda musiqi parçalarının müşayiət etdiyi elanlar mərkəzləşdirilmiş qaydada radioinformatorlarla deyil, maşinistlər tərəfindən səsləndirilir. 
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecənin qətliamında qətlə yetirilmiş Bakı metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov Şəhidlər xiyabanında günahsız qurbanların cərgəsində uyuyur.
Hər il olduğu kimi, “Bakı Metropoliteni” QSC-nin kollektivinin nümayəndələri gün ərzində Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycanın azadlıq salnaməsinin qəhrəmanlarının məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxuyurlar.
Azərbaycan şəhidlərini heç vaxt unutmayacaq, bu tarix əbədi müstəqilliyimizin rəmzi, əbədi azadlığa aparan qəhrəmanlıq salnaməmizin dönüş anı kimi yaddaşlardan silinməyəcək.