z
16 FEVRAL / 2023 / 14:05
Metropolitendə sərnişinə xidmət mədəniyyəti baxımından vaqon parkının da yenilənməsi və saz vəziyyətdə olması əsasdır. 2022-ci ildə Bakı metropolitenində innovativ layihələrin tətbiqi baxımından məhz vaqon parkı da xüsusi yer tutub.
Daha 20 yeni vaqon və yeni tələblər dövrü
Bakı metropoliteninin səhmdar cəmiyyət kimi formalaşdığı 2014-cü ilin ilk dövrlərindən vaqon parkının yenilənməsi və maddi-texniki bazanın gücləndirilməsi ən əsas məsələyə çevrildi. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yeni nəsil – innovativ texnologiyalar baxımından ən son nəslə mənsub vaqonların alınması prioritet oldu. 2015-2022-ci illərdə lokomotiv parkında belə vaqonların sayı 115-ə çatdırılıb. Onlardan 20-si 2020-ci ilin oktyabr-noyabr aylarında Bakıya gətirilməklə sazlama və sınaq işləri aparılıb. 2022-ci il dekabr ayının 30-da 5 vaqondan formalaşdırılmış bir qatar tərkibi xətlərdə sərnişindaşıma prosesinə cəlb edilib.
Ümumən hazırda metropolitenin Yaşıl və Qırmızı xətlərində sərnişindaşıma prosesinə gün ərzində 40-46 marşrut üzrə qatarlar çıxır. Müvafiq tələblərə uyğun, elektrik deposuna texniki baxış, xidmət və qulluq, eləcə də normativ təmirə dayandırılmış qatarlar istisna olmaqla, 22 yeni nəsil qatarın (daha bir qatarda sınaq işləri tamamlanmaq üzrədir) hər biri müntəzəm marşrutlar üzrə xətdə hərəkət edir. Bu qatarlardan 3-ü “İçərişəhər-Həzi Aslanov”, qalanları isə “Dərnəgül-Həzi Aslanov” istiqamətində hərəkət edir. Beləliklə, gün ərzində xətlərdə olan yeni nəsil qatarların 40-50 faizinin yeni nəsil qatarlardan ibarət olduğunu söyləmək mümkündür.
Yeni vaqonların alınması ilə bağlı 2023-cü ildə də proses davam etdiriləcək. Hazırda yeni vaqonların alınması ilə bağlı texniki tapşırıqlar üzərində iş aparılır və il ərzində yeni vaqonların sifarişi ilə bağlı müvafiq tədbirlərin görülməsi planlaşdırılır.
Yeni qatarların sayının artması ilə onlara edilən texniki xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq maddi-texniki baza və müvafiq biliklərə malik işçi heyəti də tam formalaşdırılıb. Zəmanət tələbləri istisna olmaqla, vaqon parkındakı bütün yeni nəsil vaqonların təmiri artıq yerli mütəxəssislər tərəfindən aparılır. 2022-ci ildə yeni tipli vaqonlar (81-760/761/763 və 81-765/766 seriyalı) üzərində aparılan texniki baxışların sayı 320-yə çatdırılıb. Normativ tələblərə uyğun, 65 dəfə 1 saylı, 50 dəfə 2 saylı dövri təmir işləri görülüb.
Xətdə nasazlıqların əsaslı azalmasının səbəbləri
Təmir işlərinin daha böyük həcmi uzun illərdir istismarda olan 81-717/714 seriyalı vaqonların təmiri ilə bağlı olub. İl ərzində 4390 vaqona 2-3 saylı texniki baxış keçirilib. 295 vaqon 1 saylı, 57 vaqon 2 saylı təmir prosesini keçib. 5 vaqon isə daha geniş həcmli təmir görüb. 3 saylı cari təmir zamanı bu vaqonların yenidən rənglənməsi işləri də həyata keçirilib.
Əsasən zavod şəraitində sayılan orta təmir işləri isə 20 vaqonda aparılıb. Xüsusi qeyd edək ki, 2017-ci ildən metropoliten tarixində ilk dəfə məhz zavod şəraiti üçün nəzərdə tutulmuş və təmir işlərini aparmaq məqsədilə inşa edilmiş sexdə təkcə orta təmirdən 10 qatar keçib. Ötən illərdə əsaslı təmir işləri isə 25 vaqonda aparılıb. 81-717/714 seriyalı vaqonlarda aparılan bu modernləşmənin ən vacib xüsusiyyətlərindən biri idarəetmə sisteminin tamamilə yenilənməsidir. Bu isə ən müasir qatarlarda tətbiq edilən yeni texnologiyaların köhnə nəsil qatarlarda da tətbiqi deməkdir. Yeganə istisna kondisioner sistemi ilə bağlıdır. Onun tətbiqi isə istehsalçı müəssisənin verdiyi rəy, eləcə də dünya vaqon avadanlıqları istehsalı sənayesi üzrə araşdırmaların da nəticəsinə uyğun, faktiki qeyri-mümkün olduğu qənaətinə gətirib.
Aparılan yeniləşmənin təsirləri xətlərdə nasazlıq səbəbi ilə qatarların çıxarılması hallarının dəfələrlə azaldılmasıdır. Buna nümunə olaraq, bu təmir zamanı sərnişin salonu qapılarının İtaliya istehsallı “Camozzi” sistemlərinin tətbiqini göstərmək olar. Bunun hesabına mövcud sərnişin sıxlığı şəraitində qapıların tutulub saxlanması nəticəsində baş verən nasazlıqlar mümkün ən minimum həddə endirilib. Onu da qeyd etmək lazımdır ki, metro xətlərindən nasazlıq səbəbilə çıxarılan qatarların böyük əksəri məhz qapı sisteminə müdaxilə nəticəsində baş verir.
Təmir və qulluq bazasının yenilikləri
Depoda təmir-baxış sahələrində yenilənmə, sadəcə, qatarlarla kifayətlənə bilməz. Müasir sistemlərin tətbiqi effekti təmirçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər olmadan qeyri-mümkündür.
Deponun onilliklər boyunca təmir olunmayan, yenilənməyən sahələri ildən-ilə dünyanın ən aparıcı lokomotiv parkı bazası səviyyəsinə çatdırılır. Bu xüsusda vaqonların təmir-baxış sahəsi gecələmə, eləcə də xətdən normativ tələblərə uyğun çıxarılan qatarların vaqonaltı avadanlığına baxış keçirən işçi heyəti üçün böyük əhəmiyyətə malikdir. Ötən ilin sonunda daha 3 təmir-baxış qanovunun yenidən qurulması başa çatdırılıb. Hər üç qanov dayaz olduğu üçün yeni texniki tələblərə uyğun, müvafiq dərinlik səviyyəsinə çatdırılıb. Bununla əsaslı təmir olunaraq, ən müasir tələblər səviyyəsinə çatdırılmış qanovların sayı 13-ə çatdırılıb. Bu qanovların kommutasiya sistemləri də ən müasir tələblər səviyyəsində yenilənib. Yollar dəmir-beton bloklar üzərində qurulmaqla işıqlanma sistemi də yeni tələblər səviyyəsində yenidən qurulub.
Deponun üfürmə kamerası da 55 ildən artıq bir tarixi dövrdə ilk dəfə ən müasir standartlar səviyyəsində yenidən qurulmaqla, sahədə texnoloji yeniliklərin ən son tələbləri tətbiq edilib. Burada ekoloji standartlar da xüsusi nəzərə alınmaqla, ən müasir təmizləyici sistemlər də quraşdırılıb.
2021-ci ildə qatarların təmiri prosesinin avtomatlaşdırılması ilə bağlı başlanmış tədbirlər daha da dərinləşdirilib. Tezliklə bu istiqamətdə xüsusi əhəmiyyətə malik sistemli işlər başa çatdırılacaq.
Mühərriklərin və elektrik avadanlıqlarının təmirində inqilabi dəyişikliklər ili
2021-ci ildə istismara verilmiş metro tarixinin ən mühüm yeniliklərindən biri elektrik mühərriklərinin təmiri bazasının mərkəzləşmiş yeni infrastrukturla ən müasir standartlar səviyyəsində yaradılması idi. 800 kv.m-ə yaxın çoxfunksiyalı zonalardan ibarət olan sexlərdə avtomatlaşdırılmış 16 müxtəlif dəzgah və qurğu, sınaq stendi stansiyasının quraşdırılması, ilk növbədə, vaqon təmiri bazasının ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edib. 2022-ci il bu sahənin nəinki özünü doğrultması, həm də bir sıra yeni, habelə səmərələşdirici layihələrin tətbiqi baxımından seçilib. Eskalator, ventilyator, nasos qurğularının metropoliten üçün xüsusi əhəmiyyəti bəllidir. Onların mühərriklərinin də ən müasir qaydada təmirinə başlanılması keyfiyyətin əsaslı göstəricilərindən birinə çevrilib.
Bakı metropolitenində olan həmçinin çoxsaylı digər mühərriklərin, elektrik, daxili yanma mühərrikli əl alətləri, daşınan pnevmatik, eləcə də hidravlik alət və avadanlıqlardan istifadə olunur. Sahənin 2022-ci ildəki fəaliyyəti qeyd edilən bu istiqamət üzrə təmir bazasının yaradılması deməkdir. Hesabat dövründə 193 dartı mühərrikindən 174-ü (90,16 %-i) təmir olunub və cəmi 19-u yararsız hesab edilib. Vaqonların 111 hava kompressorundan 99-u (89,19 %-i) təmir edilib, 12-si yararsız olduğundan istismardan çıxarılıb. Daxil olmuş “PL-72” tipli 51 elektrik mühərrikinin hamısı (100 %-i) təmir olunaraq sahələrə qaytarılıb. 88 asinxron mühərrikindən isə 83-ünün təmiri (94,32 %-i) mümkün olub və 5 ədədi yararsız sayılıb.
Qeyd edək ki, bir il əvvəl daxil olmuş dartı mühərriklərinin yalnız 85 %-ni, asinxron mühərriklərin isə 75 %-ni bərpa etmək mümkün olmuşdu. Sex fəaliyyətə başlayana qədər isə bu rəqəmlər daha aşağı idi.
Elektrik alətləri üzrə də təmir məhsuldarlığı qənaətin başlıca prinsipi olub. 447 elektrik alətinin (drel, perforator, laqonda, qaynaq aparatı və s.) 327-si (73,15 %-i) təmir edilməklə, cəmi 120-nin bərpası mümkünsüz olub. Bu göstərici də cəmi 50 % alətin təmir olunduğu 2021-ci illə müqayisədə xeyli yüksəkdir. Yüksək məhsuldarlığın əsas səbəblərindən biri də mərkəzləşmiş təmir sahəsinin yaradılması ilə yanaşı, yerlərdə inventarla daha məsuliyyətli davranmağı, alətlərin təmirinə önəm verilməsi, səliqəli işlədilməsini təmin edən bir sıra inzibati addımların atılmasıdır. Həmçinin peşəkar təmir bazasının qurulması bu işlərdə dönüş yaradılmasının əyani göstəricisidir.