z
24 FEVRAL / 2023 / 16:56
YARAT Müasir İncəsənət Mərkəzində BMT-nin İnkişaf Proqramının (BMTİP) hazırladığı dünyada təqdirəlayiq hesab edilən ən aparıcı bir neçə ideyanın yer aldığı “Gələcəyimiz üçün” sənədli filminin Milli Premyerası keçirilib. Tədbirdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, dövlət qurumları, o cümlədən “Bakı Metropoliteni” QSC-nin, habelə beynəlxalq təşkilat və xarici ölkələrin Azərbaycanda nümayəndəliklərinin rəhbər şəxsləri iştirak ediblər.
"Sabah üçün" təşəbbüsü qlobal miqyasda şəhərləri daha təhlükəsiz, daha inklüziv, davamlı və dayanıqlı etməklə yerli problemləri həll edən innovatorları gündəmə gətirir. Təqdirəlayiq haldır ki, dünyanın 90-a yaxın ölkəsində reallaşan innovativ ideyalar arasından seçilən 8 ideyadan biri məhz Azərbaycandan, Bakı metropoliteninin 2019-cu ildən həyata keçirdiyi “Əlçatan metro” layihəsidir. Bakıda keçirilən film premyerasında dünyanın hər yerindən insanlar tərəfindən paylaşılan həllər arasından seçilmiş 5 innovasiya yer alıb. Qeyd edək ki, 2018-ci illərdə layihənin sınaqlarında könüllü kimi xüsusi əməyi olmuş azərbaycanlı ictimai fəal Cəmilə Məmmədli də filmin əsas qəhrəmanlarından biridir.
Tədbiri giriş sözü ilə açan BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nunu Keyruş filmin əhəmiyyətinə toxunaraq qeyd edib: “Dünyanın bir sıra böyük şəhərlərində təntənəli baxışı keçirilən, “youtube.com”, “amazon.com” kimi platformalarda yerləşdirilmiş bu sənədli filmin Bakıda da premyerasını keçirməkdə məqsədimiz bütün tərəfdaşlarımıza, həmfikirlərimizə sabahımız üçün vədlərimizi bir daha xatırlatmaqdır. Sənədli filmdə Azərbaycanın nümunəsi dövlət qurumunun – Bakı Metropoliteninin vətəndaşla birgə müəyyən problemə həll tapmasına mükəmməl misaldır. Bu birgə fəaliyyət BMTİP-in nümayiş etdirməyə və genişləndirməyə çalışdığı qlobal məqsədlərə nail olmağa imkan verən yerli innovativ həllərdir”.
Tədbirdə çıxış edən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “Əlçatan metro” layihəsinin bir mühüm əhəmiyyətinə xüsusi diqqət çəkib. Bildirib ki, cəmiyyətdə sosial inteqrasiyanın, inklüzivliyin, ünsiyyətin, ictimai fikrin inkişafının sürətləndirilməsində bu layihənin əhəmiyyətli rolu və təsir imkanları var.
B.Məmmədov qarşıya qoyulan hədəflərə çatmaq üçün davamlı iş, araşdırma, təcrübə və fikir mübadilələrinin aparıldığını, dünyada texnoloji reallıqlar, yeni istehsal imkanları, mövcud çətinliklər və s. barədə fikirlərini bölüşüb. Bildirib ki, layihənin mərhələ ilə inkişaf etdirilməsi əsas hədəflərdəndir. “Bakı Metropoliteni” QSC qarşılıqlı fikir, təklif və təşəbbüs mübadiləsinə, korporativ sosial məsuliyyət çərçivəsində əməkdaşlığa açıq olan “Bakı Metropoliteni” QSC qısa müddətdə əldə olunmuş təcrübəni də bölüşməyə hazırdır. Bu, eyni zamanda bütün sosial kateqoriyalardan və layihənin inkişafında ciddi maraqları olan tərəflərlə reallıqlar üzərində qurulmuş ünsiyyət, mübadilə və bunun üçün nümayiş etdirilən birgə əzm və iradə uğurun əsas qayəsidir. Pandemiya dövründə münasib şərait yarandığından axtarışlar da bərpa edilib və yaxın vaxtlarda müsbət nəticələrə də ümid var. Bu əsnada daha bir daşıma qurğusunun sınaqları üçün tədbirlər görülür. Bundan savayı, bir neçə mümkün texniki həll vartiantları üzərində iş aparılır.
Cəmilə Məmmədli layihədə ona da yer ayrılmasına görə BMTİP-ə, eləcə də milli premyeranın təşkilatçılarına təşəkkür edib. O, metrodan istifadə etmək istəyi ilə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət edərkən, onun artıq üzərində iş aparılan bir layihəyə könüllü kimi dəvət olunmasından, davamlı olaraq müxtəlif sınaqlar və müzakiərlərdə iştirak etməsindən və beləcə, bir çox insan üçün faydalı olan “Əlçatan metro” layihəsinin ərsəyə gəlməsində rolundan məmnunluğunu bildirib.
Premyeradan sonra tədbir iştirakçıları ilə “Əlçatan metro” layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, təəssüratlar bölüşülüb.
***
“Əlçatan metro” layihəsinin çəkdiyi diqqət nzəzərə alınaraq, bu barədə aşağıdakıları bir daha qeyd etmək olar:
Sifariş üzrə istifadəçilər
• əlil arabası ilə hərəkət edənlər;
• əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;
• görmə qabiliyyəti məhdud olanlar;
• eşitmə qabiliyyəti məhdud olanlar;
• uşaq arabaları ilə hərəkət edənlər;
• ahıllar;
• əl yükü olan hamilə qadınlar.
İşçi personalı
İki mobil qrupa ayrılmaqla 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. Onlar qurğulardan istifadə və müvafiq təlimat qaydalarını mənimsəməsi istiqamətində nəzəri və praktiki təlimlər və treninqlərə müntəzəm cəlb olunurlar. Hər sifariş üçün ən azı iki işçi personalı nəzərdə tutulur. Mobil qrup sifarişi qəbul edir, sərnişini stansiyanın girişində qarşılayır, sifarişdə qeyd edilən stansiyanı tərk edənə qədər müşayiət edir.
Sifarişin verilmə qaydası
Sifariş 1-24 saat əvvəldən verilməlidir.
• Mobil telefon nömrəsi ilə: zəng və ya SMS (+994 50 268 00 65)
• Mobil cihazla "Play market" əlavəsi (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro).
Gediş haqqının ödənilməsi
• Sərnişin tarif üzrə yalnız gediş haqqını ödəyir.
Xidmət vaxtı
Təhlükəsizliyin təmin edilməsi metropolitendə ən əsas vəzifə olduğundan, sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilmir.
Texniki imkanlar
• Liftlər: Bənövşəyi xətt (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”)
Qatarlar
• 81-717/714 tipli köhnə nəsil qatarlarda əlil arabası üçün yerlə baş vaqonlarda olmaqla, maşinistə ən yaxın qapı istiqamətində quraşdırılıb.
• 2018-ci ildən yeni qatarlar alınarkən əlil arabası üçün yerlər də sifariş olunur.
Ətraflı məlumat
"metro.gov.az" rəsmi internet saytı ("Sərnişinlər üçün" bölməsi, "Əlçatan metro" yarımbölməsində): http://metro.gov.az/az/page/muddealar/elcatan-metro