z

8 Mart - Beynəlxalq Qadınlar Günü

8 Mart - Beynəlxalq Qadınlar Günü

03 FEVRAL / 2023 / 15:00

Təqvimin ən əlamətdar günlərindən biri olan 8 Mart - Beynəlxaq Qadınlar Günü ölkəmizdə də xüsusi qeyd olunur. Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənib, ana həmişə müqəddəs rəmz, paklıq təcəssümü sayılıb. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Ümummilli lider Heydər Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü bayramı ilə bağlı deyirdi: "Bu bayram doğrudan da bizim bütün bayramlar içərisində gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...".
İnkişaf edən respublikamızda qadınların yeri və rolu danılmazdır. Azərbaycan qadını cəmiyyətdə öz sözünü deməyi bacarır, dövlət idarəçiliyində, müxtəlif sahələrdə kişilərlə bərabər uğurla fəaliyyət göstərir. Gənc nəslin təlim-tərbiyəsində əldə edilən uğurlara görə cəmiyyətimiz qadınlara minnətdardır.
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl nümunədir.
Qadın əməyi Bakı metropolitenində də həmişə aparıcı planda olub və bu fəaliyyət hər zaman  yüksək qiymətləndirilib. Metropolitendə çalışanların 22 faizini məhz qadınlar təşkil edir.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, cansağlığı, ailə səadəti, xoşbəxtlik və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.