z

12 gənc metropolitenin ən tanınmış peşəsinə yiyələnib

12 gənc metropolitenin ən tanınmış peşəsinə yiyələnib

05 APREL / 2023 / 15:49

Bakı metropoliteninin təşkil etdiyi qatar maşinisti peşəsi üzrə iki kursu uğurla başa vurmuş daha 12 gənc maşinist peşəsinə yiyələnərək işə başlayıb. Bu kurslardan birincisi pandemiya dövrünün tələblərinə əsasən təlimlərin əyani və praktiki mərhələlərinin tədris proqramına müvafiq dəyişikliklə təşkil edilmişdi. Növbəti belə layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə bağlanmış müqaviləyə uyğun həyata keçirilib. Ümumilikdə iki kursu 12 müdavim müvəffəqiyyətlə başa vuraraq maşinist peşəsinə yiyələnib.
Kursların davam etdiyi müddətdə müdavimlər əvvəlcə nəzəri biliklər əldə edərək, metropolitenin əsas sahələri ilə əyani tanış olublar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilib.
İkinci mərhələdə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi aparılıb. Kursda iştirak edən müdavimlər hər tədris mərhələsindən digərinə yalnız imtahan sınağı ilə nəticə əldə edərək keçiblər.
Üçüncü mərhələdə iddiaçılar metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb ediliblər. Bu mərhələdə onlar metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, həm peşə vərdişlərinə yiyələnib, həm də bu mühitdə formalaşmağın vacib cəhətləri ilə tanış olaraq praktiki imtahanlarda yoxlanılıblar.
Sonuncu mərhələdə isə xətlərdə idarəetmə normativlərini qüsursuz yerinə yetirən gənc maşinistlər kadr komissiyası qarşısında imtahan veriblər.
Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dən metropolitendə işə qəbul olunublar. Onlar arasında Bakı metropoliteninin hələlik yeganə qadın maşinisti də var. Ümumilikdə yeni tipli maşinistlər kursunu bu günə qədər 60 gənc uğurla başa vurub və hazırda metropoliten qatarlarının maşinisti kimi çalışırlar.