z

9 May - Faşizm üzərində Qələbə Günü

9 May - Faşizm üzərində Qələbə Günü

09 MAY / 2023 / 08:28

9 May - Faşizm üzərində Qələbə Günü ölkəmizdə də qeyd olunur. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların əmək rəşadəti dillər əzbəridir. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi Azərbaycan övladlarının müharibədə böyük şücaət göstərməsinin əyani sübutudur.
O vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdi: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər etmiş dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, “Fransanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayper Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşüb.
Ulu Öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər”.
Sevindirici haldır ki, Ulu Öndərin bu siyasi kursunu onun layiqli varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də davam etdirərək müharibə veteranlarına yüksək diqqət və qayğı göstərir. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli tarixi yola yüksək hörmətin təzahürü kimi qiymətləndirilir. Rəşadətli xalqımızın qəhrəman övladları, müharibə veteranları, onların ailələri hər zaman dövlətin diqqət və qayğısını hiss edir.