z
08 IYUL / 2016 / 00:00
"Bakı Metropoliteni” QSC və Dövlət Dəmir Yolu Liseyi arasındakı razılaşmaya əsasən, liseyin müvafiq ixtisas qrupları üzrə keçirilən builki buraxılış imtahanlarında metropolitençi mütəxəssislər də iştirak ediblər.
Məqsəd imtahanların mövcud tələblərə və qaydalara uyğun təşkilində liseyə kömək göstərmək idi. Bu məqsədlə həm üçillik, həm də birillik qruplar üzrə imtahan materiallarının metropolitendə istismar təlimatlarına uyğun hazırlanmasında metropoliten mütəxəssislərinin rəyi də nəzərə alınmışdı.
İmtahanların gedişini izləyərək, məzunların bilik səviyyəsi haqqında məlumat əldə edən «Bakı Metropoliteni» QSC-nin nümayəndə heyəti liseyin rəhbərliyi ilə gələcəkdə tədris prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr də aparıblar. Müasir tələbləri nəzərə almaqla, hərtərəfli kadrların hazırlanması məqsədilə lazımi tədbirlərin görülməsi və birgə fəaliyyətin genişləndirilməsi barədə ilkin razılıq əldə olunub.
Dövlət Dəmir Yolu Liseyində yeni tədris mövsümündən təhsil almaq arzusunda olanların seçimində metropoliten mütəxəssislərinin iştirakı barədə fikir mübadiləsi aparılıb. Bu, gələcəkdə müvafiq peşələr üzrə savadlı kadrların hazırlığı prosesinin təkmilləşdirilməsinə kömək edəcək. Həmçinin liseyinin tələbələri istehsalat təcrübəsini metropolitendə keçməklə nəzəri bilikləri praktikada tətbiq etməyi öyrənib və hazırlıqlarını optimal həddə çatdıra biliblər. Qeyd edilənlərlə yanaşı, tələbələr tədris prosesini tam mənimsəyərək, biliklərə yiyələnmək üçün stimul əldə ediblər. Bu, gələcəkdə onların metropolitendə işlə təmin olunmasına aparan ən qısa yol olacaq. Qeyd edək ki, elektrik qatarlarının maşinist köməkçisi ixtisası üzrə təhsil alanlara təcrübə kurslarında lazımi şərait yaradılıb, onların maşinist trenajorundan istifadə etməklə biliklərə yiyələnməsinə imkan verilib.
Hazırda «Bakı Metropoliteni»QSC-nin Dövlət Neft və Sənaye, Texniki, həmçinin Memarlıq və İnşaat universitetləri ilə müvafiq əməkdaşlıq razılaşmaları var.