z

Fransanın “Thales” şirkəti ilə müqaviləyə uyğun əməkdaşlıq davam edir

Fransanın “Thales” şirkəti ilə müqaviləyə uyğun əməkdaşlıq davam edir

12 IYUL / 2016 / 00:00

“Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar. Səfərin məqsədi istifadəyə verilən Bənövşəyi xətdə tətbiq olunan yeni nəsil sistem və avadanlıqların, müasir texnologiyaların təchizatı ilə bağlı “Thales” şirkətinin rəhbərliyinin təklifləri və buna qədərki dövrdə yaranmış sualların müzakirəsi olub.
Məlum olduğu kimi, hələ 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı Azərbaycan-Fransa biznes forumunun gedişində imzalanmış müqaviləyə əsasən, “Thales” şirkəti yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da iştirak etməlidir.
Əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyəti var. Metropolitenin nümayəndə heyəti, ilk olaraq, Fransada “Thales” şirkətində, daha sonra şirkətin Almaniyanın Arnştadt şəhərində yerləşən zavodunda görüşlər keçiriblər.
Görüşlər əsnasında hərəkətin təşkilində əsas rol oynayan dispetçer mərkəzi barədə fikir mübadiləsi, yeni Bənövşəyi xəttin “Xocəsən” elektrik deposu, şərti adı “B-3” və “B-4” olan stansiyalarda quraşdırılacaq sistemlərin layihəsi, yeni xətdə qatarların tam dövrəsi və avtomatik idarə olunması, istismarda olan xətlərdə yeni radiorabitə sisteminin quraşdırılması, hazırda yeganə depomuz “Nəriman Nərimanov” elektrik deposunda işarəvermə və rabitə sistemlərinin yenilənməsi, yeni nəsil işıqforların, yolayırıcı qurğuların quraşdırılması, bununla da deponun müasir tələblər səviyyəsinə çatdırılması və digər bu kimi maraqlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Mövcud xətlərlə bağlı layihələr də var. Belə ki, mövcud stansiya tunellərində istismarda olan işarəvermə və rabitə avadanlıqlarının müasirləri ilə əvəzlənməsi, yəni, yeni sistemlərin tətbiqi ilə mövcud sistemlərin bununla uzlaşdırılması gündəliyin mövzusu olub.
Qeyd edək ki, belə bir təcrübə, hələ ki, Sovet məkanında istismarda olan metropoliten xətlərində tətbiq olunmayıb. Əgər layihə gerçəkləşərsə, Bakı metropoliteni mövcud xətlərini ən müasir texniki standartlar səviyyəsinə çatdıran ilk postsovet ölkəsi olacaq.
Səfər çərçivəsində nümayəndə heyəti şirkətin Almaniyada yerləşən mövcud tələblərə cavab verən zavodu və orada istehsal olunan avadanlıqların istifadə qaydaları ilə yaxından tanış olublar.