z
24 IYUN / 2023 / 16:25
Bakı metropoliteni stansiyalarının işıqlanma sisteminin yenisi ilə dəyişdirilməsi və daha müasir, qənaətcil sistemlərin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Daha bir yeniləşmə tədbirləri “Qara Qarayev” stansiyasının platformasında və stansiya yollarında aparılıb. Kifayət qədər böyük əmək qüvvəsi və müntəzəm nəzarət tələb edən işıqlanma sisteminin qulluğu xeyli çətinləşərək dövrün standartlarına cavab vermirdi.
Yeni quraşdırılan müasir və qənaətcil LED lampalar stansiyanın platformasını tam əhatə edib. Müvəqqəti işıqlandırma tətbiq edilməklə görülən işlər hərəkətin təhlükəsizliyi və sərnişindaşıma prinsiplərinə maneə törətmədən gecə növbəsində təşkil olunub.
Platformada köhnəlmiş və enerji sərfiyyatı daha çox olan lampalar çıxarılaraq müasir işıqlanma sistemi qurulub. Bu məqsədlə 2 lampalı (hər biri 36 Vt) 132 lüminesent çıraq çıxarılaraq əvəzinə 48 Vt-lıq 62 LED panel quraşdırılıb.
Stansiyanın 1 və 2-ci yollarının üzərindəki 2 lampalı (hər biri 36 Vt) 145 lüminesent çıraq isə 20 Vt gücə malik 52 led panellə əvəzlənib.
Yeni lampalar qulluq və qənaət baxımından daha əlverişli olmaqla yanaşı, keyfiyyətli və uzunömürlülüyü ilə seçilir. Yeni işıqlandırma sistemi eyni zamanda stansiyanın memarlıq üslubu ilə də tandem yaradır. Yeniləşmədən sonra platformanın tavanı, sütunlar və stansiya yolunun işıqlandırılması stansiyanın dizaynına yeni çalar gətirib.
Qeyd edək ki, “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmir olunmuş bir platforması ilə yanaşı, müvafiq ardıcıllıqla “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarının işıqlanma sistemi dövrün tələblərinə uyğun yenilənib.