z
05 IYUL / 2023 / 15:21
“Metro” Beynəlxalq Assosiasiyasının üzvü olan metropolitenlərin ventilyasiya sahəsi üzrə rəhbər və mütəxəssislərinin növbəti toplantısı Rusiyanın “Ventprom” Artyomovsk Maşınqayırma Zavodunda keçirilib. Tədbirdə “Bakı Metropoliteni” QSC-ni Elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev və Tikinti Departamenti mexaniki energetika şöbəsinin rəisi, baş mexanik Mark Krel təmsil ediblər.
Toplantıda metropoliten tunellərində mühəndis-texniki avadanlıqların etibarlı işinin təmin olunması istiqamətində aktual məsələlər, ventilyatorların istismarı və təmiri, modernizasiyası, mövcud nöqsanların aradan qaldırılması üzrə məruzələr dinlənilib və dövrün tələbinə uyğun çoxsaylı suallara cavablar axtarılıb. Mikroiqlim problemləri dünyanın əksər meropolitenlərini narahat edən qlobal məsələ olduğundan səmərələşdirici təkliflər, metropolitenlərin təcrübəsi ətrafında fikir mübadilələri aparılıb. Bu toplantıların əsas müsbət cəhəti birbaşa istehsalçı ilə istehlakçının qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Texniki məsələlələrin müzakirəsi çərçivəsində yay rejimində ventilyatorların qoşulması prinsiplərinin iqlim parametrlərinə uygunluğu daha çox müzakirə olunub. Hərarətin normadan artıq yüksəlməsinin qarşısını almaq üçün tətbiq edilən üsullar və vasitələrdən də danışılıb. Moskvalı mütəxəssislər yayın qızmar vaxtlarında gecələr stansiya və tunelləri havaüfürmə yolu ilə təmizləmək təcrübəsini təqdim ediblər. Bu proses, hərəkət dayandıqdan sonra, gecələr aparılır və bu zaman stansiyaların qapıları açıq saxlanılır. Yeni hava axını tozu və tuneldə aparılan işlərdən sonra hava ilə yayılan hissəcikləri kənarlaşdırır. Bu yolla havanın temperaturunu da xeyli dərəcədə aşağı salmaq mümkün olur. Lakin üsulun effektivliyi, əsasən, günorta saatlarına qədərdir. Daşkənd metropolitenində isə havanın temperaturunun aşağı salınması üçün adiabatik üsuldan istifadə olunur. Ventilyatorların qarşısına çilənən su damcılarının hava axını vasitəsilə tunelə yayılması təmin edilir.
Nüsrət Abdullayevin fikrincə, Bakı metropolitenində əsas hədəf hazırkı ventilyasiya sisteminin optimallaşdırılması üzrə işlərin davam etdirilməsi və daha praktiki üsulların tətbiq olunmasıdır. Məsələn, 2018-ci ildə fəsli qrafiklərə keçid, dispetçer mərkəzindən vahid idarəetmə siteminin tam tətbiqinə nail olunması, 2019-cu ildən alınan ventilyatorların funksionallığının daha da optimal qaydada hesablanması, 2019-cu ildən Yaşıl və Qırmızı xətlərdə dempfer sisteminin tətbiqinə başlanılması müsbət təsirlərini göstərir. Lakin ventilyatorların tunelə vurduğu havanın səmərəlilik effektinin artılması üçün qarşıda bir sıra hədəflər də var: “Mahiyyətcə əhəmiyətli olanlar sırasında platforma altındakı sahələrdən yol istiqamətinə pəncərələrin açılması üzrə texniki araşdırmaların aparılması və metroda mikroiqlim şəraitinin müvafiq normativlərə və tələblərə uyğunluğunun təmin olunmasıdır. Bunun bariz nümunəsi Bənövşəyi xəttin stansiyalarındakı havalandırma sistemidir. Orada ventilyatorlar qatardan yuxarı səviyyədə yerləşdiyindən dempferlərin açılması ilə hava dövriyyəsi daha fərqli qaydada təmin edilir. Bundan savayı, mikroiqlim nəzarəti sisteminin avtomatlaşdırılması daha operativ qərarlara, imkanlara yol aça bilər. Bu sistemin də dispetçer mərkəzinə tam təfsilatlı məlumat ötürməsi ilə müvafiq tənzimləmə işlərinə təsiri kifayət qədər əhəmiyyətli ola bilər”.
Qeyd edək ki, toplantı zamanı “Ventprom”un istehsal sahələrinə texniki baxış keçirilib. “VOM-22” markalı yeni şaxta, “VAS 710” markalı şırnaq ventilyatorlarının sınaq prosesi nümayiş edilib. Bu yeniliklərlə bağlı Nüsrət Abdullayev mütəxəssis rəyini verib: “Şırnaq axınlı ventilyatorlar daha çox nəqliyyat tunellərindən, yeraltı avtomobil dayanacaqları və qarajlardan tüstünün kənarlaşdırılması üçündür. Bakı metropoliteni üçün maraqlı olan “VOM-22” şaxta ventilyatoru həqiqətən yenilikdir. O, əvvəlki modellərlə müqayisədə daha yığcam, güclü, amma qiyməti ucuzdur. Bütün parametrlərinə görə Bakı metropoliteni üçün əlverişlidir”.