z
07 IYUL / 2023 / 11:11
İstanbulda dünyanın dəmiryolu üzrə ixtisaslaşmış 3 ən böyük, Avrasiya regionunun yeganə sərgisində “Bakı Metropoliteni” QSC-nin nümayəndə heyəti də iştirak edib. Baş mühəndisin müavini Azad Mustafayev, İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi Əli Əliyev, İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və Texniki-istehsalat şöbəsinin rəisi Namiq Yusubov hər birinin məsuliyyəti sahəsinə daxil olan istiqamətlər üzrə fəaliyyət göstəriblər. Ümumən nümayəndələr burada istehsal, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, kadr hazırlığı, yeni layihələr, rəqəmsal tətbiqlər və texnologiyalar əsasında araşdırma aparıb, görüşlər keçiriblər.
3 gün ərzində keçirilən sərgi sektora daxil olan bütün sahələrin yenilikləri, Bakı metropoliteninin tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində görüləcək işlər və yeni təkliflər, yeni nəsil texnologiyaları və digər innovativ yeniliklər barədə məlumatların toplanması baxımından faydalı olub. Müxtəlif konfransların işində dünyada olan yeniliklər və problemlərin müzakirəsi də diqqət mərkəzində saxlanılıb.
“Bakı Metropoliteni” QSC-nin nümayəndələri buna qədər keçirilmiş səfərlər çərçivəsində Türkiyənin müxtəlif istehsal sahələrinin nümayəndələri ilə konkret əməkdaşlıq məsələlərini müzakirə ediblər. İstanbul metrosu ilə genişlənən əməkdaşlıq perspektivləri çərçivəsində müxtəlif xətlərdə həyata keçirilən layihələrin ortaq dəyərləndirilməsi də aparılıb.
Qeyd edək ki, bunaqədərki səfərlər çərçivəsində bir neçə istiqamətdə yeniliklərin tətbiqi istiqamətində fəal işlərə başlanılıb. Hazırda bu istiqamətdə dah bir neçə səmərəli layihə üçün zəmin yaradılıb. Nümayəndə heyətinin topladığı təcrübə qarşıdakı müddətdə aidiyyəti sahələrdə geniş müzakirə olunaraq, konkret planlar tərtib ediləcək.