z

Metropolitendə şəhidlərimizin anım mərasimi keçirilib

Metropolitendə şəhidlərimizin anım mərasimi keçirilib

27 SENTYABR / 2023 / 11:10

Bakı metropolitenində iş günü şəhidlərimizin xatirəsinin anım mərasimi ilə başlanıb. “Nərimanov” elektrik deposunda “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri 20 Yanvar və Vətən müharibəsinin metropolitençi şəhidlərinin abidəsini ziyarət ediblər. Abidə önünə əklil, gül dəstələri düzülüb. Şəhidlərimizin ulu xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə yaşayış məntəqələrini və hərbi mövqeləri atəşə tutmasına cavab olaraq, hücumların qarşısının alınması məqsədilə əks-hücum əməliyyatlarının başlanması və bunun nəticəsində cəmi 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi qeyd olunub.
II Qarabağ müharibəsinin başlandığı gün - sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Mərasimdə qeyd edilib ki, bu il sentyabrın 20-də ordumuzun keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın suveren hüquqları tam bərpa edilib. Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları sayəsində yalnız hərbi obyektlərin hədəf alınmaqla, mülki əhaliyə zərər verilmədiyi əməliyyatlar cəmi bir sutkaya başa çatdırılıb. Nəticədə qanunsuz erməni silahlı qüvvələri tərk-silah edilib və onların Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb.
Müdrik rəhbər və rəşadətli ordumuz Azərbaycan Respublikasının konstitusiya quruluşunu və suverenliyimizin bərpasına nail olub. “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir” sözləri bir daha qeyd olunaraq, bundan sonra çiçəklənən Azərbaycan naminə hər kəsin bütün bacarığını əsirgəməməli olduğu vurğulanıb.
Qeyd edək ki, Birinci Qarabağ savaşında olduğu kimi, Bakı metropoliteninin kollektivinin üzvləri 44 günlük vətən müharibəsində də qəhrəmanlıqlar göstəriblər. Həmin dövrdə 56 metropolitençi Vətənin müdafiəsində iştirak edib, 4 metropoliten əməkdaşının övladı şəhidlik məqamına ucalıb. Bu gün metropolitenin müxtəlif sahələrində 107 vətən müharibəsi iştirakçısı, 28 şəhid ailə üzvü çalışır. Bu gün “Bakı Metropoliteni” QSC-də müəssisənin və həmkarlar təşkilatının təşəbbüsü ilə yaradılaraq, idarə heyətinin seçki ilə məhz 300 nəfərdən artıq Vətən müharibələri iştirakçıları və şəhid ailə üzvləri arasından seçilmiş mərkəz fəaliyyət göstərir. Bu mərkəz onların sosial qayğılarının mövcud imkanlar daxilində təmin edilməsi məqsədini qarşısına əsas vəzifə qoyub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!