z
29 SENTYABR / 2023 / 15:53
Bakı metropoliteni stansiyalarında korporativ sosial məsuliyyət çərçivəsində müntəzəm davam etdirilən sosial layihələrdən birinin mövzu baxımından yenilənməsinə başlanılıb. Vətənpərvərliyin təbliğini nəzərdə tutan bu layihə çərçivəsində bu dəfə Vətən müharibəsində zəfər çalmış Silahlı Qüvvələrin müxtəlif qoşunlarının yüksək döyüş hazırlığını, əzəmətini əks etdirən fotolardan istifadə edilib. Bu fotolar statik poster və çarxlar formatında nümayiş olunur.
Metro stansiyalarının kütləvi istifadə məkanı olduğuna əsasən bu mövzu effektivliyi ilə seçilir. Bu səbəbdən “Bakı Metropoliteni” QSC bu səpkidə reallaşdırılan layihənin sosial əhəmiyyətini də nəzərə alaraq, onların məzmununa müntəzəm yeniliklər edir. Bu dəfə Azərbaycan şairlərinin qələmə aldığı əsərlərdən misralara müraciət olunub.
Layihənin yenilənməsində daha bir məqsəd Azərbaycan ədəbiyyatı nümunələri əsasında sərnişinlərin vətənpərvərlik mövzusuna diqqətini cəlb etmək, onlarda yüksək ovqat yaratmaq və günün ruhuna uyğun mövzularla layihəyə yenilik gətirməkdir.
Şairlərin fərqli məzmunlu əsərlərindən götürülmüş misralar, dövlətimizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyan ordumuzla bağlı fotolar məzmuna uyğun olaraq sərnişinlərin diqqətinə çatdırılır.
Posterlər metro stansiyalarındakı monitorlarda da müntəzəm nümayiş olunur.