z

Bakı metropoliteni və Azərbaycan mətbuatı üçün ağır itki

Bakı metropoliteni və Azərbaycan mətbuatı üçün ağır itki

06 NOYABR / 2023 / 14:04

Ömrünün 45 ildən çoxunu jurnalistikaya, mətbuata həsr etmiş Əməkdar jurnalist, Fəxri metropolitençi Əli Fərəcov dünyasını dəyişib.
1979-cu ildən Bakı metropoliteninin qəzetində, sonralar Mətbuat xidmətində fəaliyyət göstərmiş Əli Fərəcov ömrünün 73-cü payızında həyatla əbədi vidalaşıb.
O, 1950-ci il martın 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Sumqayıtda, ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində alıb.
Mətbuatda fəaliyyətə 1978-ci ildə başlamış Əli Fərəcov Əhaliyə Məişət Xidməti Nazirliyi Layihə-Konstruktor institutunun informasiya şöbəsində tərcüməçi kimi çalışıb, eyni zamanda dövri mətbuatda məqalələrı dərc olunub. Əli müəllimin ilk yazıları “Xəzər dənizçisi”, "Bakı" qəzetlərində çap edilib. Paralel olaraq, Azərbaycan radiosunun mədəniyyət redaksiyasında işləyib, bir neçə verilişin müəllifi olub.
Noyabrın 1-də Bakı metropoliteninə gəlişinin 44 ili tamam olan Ə.Fərəcov qurumun sonradan “Metro” qəzeti adı ilə çap edilən dərgisində uzun illər çalışıb. “Metro” qəzetinin baş redaktoru vəzifəsinə qədər yüksəlib. 1990-2000-ci illərdə Gənclər və İdman Nazirliyinin “İdman” qəzetində əmək sərf etmiş Əli Fərəcovun idman jurnalistikasının inkişafında da böyük rolu olub.
Məhz idman jurnalistikasındakı fəaliyyətinə yüksək qiymət olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adı ilə təltif edilib.
“Metro” qəzeti bağlanandan sonra qurumun mətbuat xidmətində fəaliyyətini davam etdirmiş Əli Fərəcov təqaüd yaşına çatdıqdan sonra da sevimli işindən, peşəsindən ayrı düşməyib. Bakı metropoliteninin rəhbərliyi onun çoxillik təcrübəsini, bilik və bacarıqlarını nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.
Bakı metropolitenində əmək fəaliyyəti, peşəkarlığı yüksək dəyərləndirilmiş Əli Fərəcov 2010-cu ildə Fəxri metropolitençi adına da layiq görülüb.
Əli Fərəcovun əziz xatirəsi bütün metropolitençilərin, həmkarlarının qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!