z
07 NOYABR / 2023 / 10:36
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında qarşılaşmanın gecə saatlarında başa çatacağını nəzərə alaraq, noyabrın 9-dan noyabrın 10-na keçən gecə metropolitenin iş rejimi 1 saat uzadılacaq. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq.
Bundan əlavə, matça azarkeş marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq edilməklə, nəzarət mexanizmləri artırılacaq. Stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli tərtib olunacaq.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin istirahət günləri qrafikinə uyğun hərəkət edəcək. Günün müxtəlif vaxtları üçün sərnişin axınının intensivliyi nəzərə alınmqla, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.