z
17 NOYABR / 2023 / 10:19
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Xalqımız 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanına axışmaqla 70 illik müstəmləkə əsarətinə qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, vətəndaşlarının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz həmin tarixdən başlandı.
Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək azadlığa layiq olduğunu bütün dünyaya sübut etdi. Ermənistanda və ozamankı Qarabağda azərbaycanlılara qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. Təpədən-dırnağadək silahlanmış erməni quldurları dinc əhalini amansızlıqla qətlə yetirir, heç kimə aman vermirdilər.
Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu mitinqi dağıtdı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Müstəqilliyə doğru uzanan yol məhz Azadlıq meydanından vüsət aldı. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.
Budəfəki Milli Dirçəliş Günü sentyabrın 19-20-də 24 saatdan az bir vaxt ərzində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti sayəsində ölkəmizin dövlət suverenliyinin və Konstitusiya quruluşunun tam bərpa olunması şəraitində qeyd edilir. Bu, 2020-ci ilin cəmi 44 günü ərzində Qarabağ və Şərqi Zəngəzurun düşmən tapdağından azad edilməsinin məntiqi davamı idi.
Bayramınız mübarək!