z

8 noyabr - Metropoliten İşçilərinin Peşə Bayramı Günüdür

8 noyabr - Metropoliten İşçilərinin Peşə Bayramı Günüdür

08 NOYABR / 2016 / 00:00

Kütləvi sərnişin daşınmasında şəhər əhalisi üçün mühüm əhəmiyyət kəsb edən Bakı metropoliteni 49 il əvvəl ilk metro qatarının hərəkətə gətirilməsi ilə fəaliyyətə başladı və həmin tarix paytaxt Bakının tarixinə əlamətdar gün kimi daxil oldu.
1967-ci il noyabrın 6-da 5 stansiyadan - «Bakı Soveti» (indiki - «İçərişəhər»), «26 Bakı komissarı» (indiki - «Sahil»), «28 Aprel» (indiki - «28 May»), «Gənclik» və «Nəriman Nərimanov» stansiyalarından ibarət 9,2 km-lik yeraltı xətti istifadəyə verilən və o vaxtdan böyük inkişaf yolu keçən Bakı metropoliteninin hazırda 36,6 kilometr uzunluğunda 3 xətti, 25 stansiyası və 1 elektrik deposu var.
Paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı dəmiryolu şəhər nəqliyyatı sistemində layiqli yerini tutaraq sevilən ictimai nəqliyyata çevrilib.
Bakı metropoliteninin zəhmətkeş kollektivinin əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il fərmanı ilə noyabrın 8-i Metropoliten İşçilərinin Peşə Bayramı Günüdür.
Bu gün Bakı metropoliteninin istismara verilməsinin 49-cu ildönümü və 8 noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə «Bakı Metropoliteni» QSC-nin kollektivi ənənəsinə sadiq qalaraq, ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı, metropolitenin inkişaf tarixində əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun məzarı önünə əklil və gül dəstələri qoyub. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Metropolitençilər Şəhidlər xiyabanında Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, onların, o cümlədən «20 Yanvar» tarixinin metropolitençi şəhidləri İlqar Qarayevin və Əflatun Kazımovun məzarları önünə güllər düzüblər.
Metropolitenin fəaliyyətə başlamasının ildönümü və peşə bayramı münasibətilə «Bakı Metropoliteni» QSC-nin idarə aparatının iclas zalında təntənəli mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup metropolitençinin «Əməkdar mühəndis» fəxri adına və «Tərəqqi» medalına layiq görülməsini qeyd edərək sərəncamların mətnini oxudu.
Bu yüksək etimada layiq görülənləri təbrik edən idarə heyətinin sədri metropolitenin daim dövlətin diqqət və qayğısının mərkəzində olduğunu qeyd etdi.
Sonra tədbir iştirakçıları metropolitenin tarixindən və hazırkı fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər. Filmdə metropolitenin tarixi ilə yanaşı, istər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istərsə də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin metropolitenin inkişafına, genişlənib böyüməsinə göstərdiyi diqqət, metropolitençi əməyinə verdiyi yüksək qiymətdən bəhs olunub. Həmin ənənələrə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər müasir dövrün tələblərinə uyğun inşa olunub sakinlərin istifadəsinə verilən yeni stansiyalar, həmçinin istismarda olan mövcud stansiyaların yenidən qurulması haqqında süjetlər filmdə yer alıb.
Bakı Metropoliteni haqqında filmin nümayişindən sonra «Bakı Metropoliteni» QSC sədrinin müavini Hidayət Məmmədov, tikinti departamentinin aparıcı texnoloqu Kamal Cəfərov, satınalmaların təşkili və müqavilələr şöbəsinin meneceri Aidə Cəfərova, Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov çıxışlarında bu əlamətdar gün münasibətilə hər bir metropolitençini təbrik edərək fikirlərini bölüşüblər.
MİHİ sədri nitqini “İlin ən yaxşı qatar maşinisti” mükafatının təsis edilməsi ilə bağlı məlumatla bitirdi. A.Mərdanov sədr Zaur Hüseynovla birlikdə nominasiyanın qalibi - Elman Məmməd oğlu Musayevə mükafatı təqdim etdi.
Həmçinin ilk dəfə müəssisə rəhbərliyinin qərarı ilə yüksək əmək nailiyyətlərinə, vəzifə borcunu vicdanla yerinə yetirərək, işdə təşəbbüskarlıq göstərdiyinə görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı “Fəxri metropolitençi” adına layiq görülüb. Bu münasibətlə bu ada layiq görülən metropolitençilərə diplomlar təqdim olunub.
İdarə heyətinin sədri Zaur Hüseynov metropolitenin fəaliyyəti dövründə onun perspektivi naminə dövlətin qayğısı və diqqətindən də ətraflı bəhs edərək, bunu yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə adlandırdı. Yarım əsrə yaxın müddət ərzində paytaxt sakinlərinə nümunəvi nəqliyyat xidməti göstərən metropolitençilərin bundan sonra da ölkə rəhbərliyinin yüksək etmadını doğruldaraq, bacarıq və qüvvəsini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.
Tədbiri yekunlaşdıran «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov peşə bayramı münasibətilə kollektivə təbrikini çatdıraraq, hər bir metropolitençiyə möhkəm cansağlığı, doğma Vətənimizin qüdrəti və çiçəklənməsi naminə işlərində uğurlar arzuladı.