z
01 FEVRAL / 2017 / 00:00
Yanvarın 28-dən 29-a keçən gecədən dəyişən yağmurlu, qeyri-sabit hava şəraiti dünən gecədən daha kəskin xarakter alıb. Belə hava şəraiti «Nərimanov» elektrik deposundan xəttə verilən və geri qayıdan qatarların, eləcə də stansiyaların girişlərində sərnişinlərin hərəkəti üçün maneəyə çevrilə bilər. Qarlı-şaxtalı hava şəraiti sınaq meydanı olsa da, metropoliten, həmişə olduğu kimi, istənilən hava şəraitində sərnişinlərə nümunəvi xidmət göstərir. Hərçənd bu heç də asan başa gəlmir.
Qatarların xəttə verilməsi üçün dəmir yolları açıq hava şəraitində olan deponun park yollarının, xüsusən də yoldəyişdiricilərin üzərinə qarın yağması və şaxta təhlükə mənbəyidir. Belə hallarda metropoliten gücləndirilmiş iş rejiminə keçərək, həmin yollarda daimi təmizləmə işləri aparır. Qeyd edək ki, metropoliten yollarında olan 115 yoldəyişdiricidən 68-i məhz depo yollarında yerləşir və onların hamısı qardan, donvurmadan təmizlənmiş vəziyyətdə olmalıdır. Qatar hərəkət edəndə bu yoldəyişdiricilərdən 9-undan 15-nə qədəri tam təmiz vəziyyətdə olmalıdır.
Ümumiyyətlə, qış mövsümünün fəsadlarının metropolitendə özünü biruzə verməməsi üçün hazırlıq tədbirləri erkən görülməlidir.
«Bakı Metropoliteni» QSC sədrinin iyun ayında verdiyi əmrə əsasən, noyabr ayına qədər bütün hazırlıq tədbirləri yerinə yetirilir. Qarla mübarizə vasitələri təzələnir, havaüfürücü qurğular sınaqdan çıxarılır, işçilərə təlimat keçirilir, hazırlıq məşqləri aparılır. Bu dövr üçün xüsusi operativ plan təsdiq edilir və yol xidmətinin müvafiq sahəsində qarla mübarizə qərargahı yaradılaraq, bütün proseslər buradan idarə olunur.
Yaradılmış qarla mübarizə qruplarına gecə növbəsində 30-a, gündüzlər isə 20 nəfərə qədər işçi cəlb olunmaqla, yol xidməti rəisinin rəhbərliyi ilə bütün proseslər qərargahdan idarə olunur. Hər qrupun müvafiq radiorabitə ilə təchiz edilməsi operativliyi təmin edir. Yağıntının və şaxtanın miqyasından asılı olaraq, bu qrupların tərkibindəki işçi qüvvəsi nizamlanır.
Yağıntının gücləndiyi vaxtlar yoldəyişdiricilər havaüfürən qurğular vasitəsilə güclü hava şırnağı ilə üfürülür, xüsusi bel, süpürgə və digər vasitələrlə qovuşuqların və yolun digər üstquruluşu elementləri təmizlənərək işçi vəziyyətdə saxlanılır.
Soyuq hava şəraitində, yağıntı altında çalışan işçilərin sosial məsələləri də optimal həllini tapır. Onlar müvafiq isti geyimlər, sukeçirməz çəkmələr, həmçinin otaqlarda müvafiq məişət ləvazimatları, istirahət şəraiti, quruducu vasitələrlə təmin olunaraq, qidalanmasına xüsusi diqqət edilir.
Bununla yanaşı, park yollarının qarşısı və bütün digər müvafiq sahələr təmizlənərək hərəkət üçün optimal şərait qurulur.
Həmçinin stansiyaların giriş-çıxış ərazisində qar probleminin həlli də məhz metropolitençilərin xidməti sayəsində aradan qaldırılır. Stansiyalarda öncədən müvafiq hazırlıq tədbirləri yerinə yetirilərək, işçilərin zəruri ləvazimatla təmin edilməsi, qum ehtiyatının yaradılması öz həllini tapıb, vəziyyət daim nəzarət altında saxlanılır.
Hava şəraiti sabitləşənə qədər metropolitendə gücləndirilmiş iş rejimi davam edəcək.