z

“Bakı Metropoliteni” QSC-də iki gün qanvermə aksiyası keçirilib

“Bakı Metropoliteni” QSC-də iki gün qanvermə aksiyası keçirilib

14 FEVRAL / 2017 / 00:00

Fevralın 13-ü və 14-ü “Bakı Metropoliteni” QSC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Qeyd edək ki, bu kampaniya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə təşkil olunub.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə keçirilən kampaniyanın birinci günündə idarə aparatının 226 əməkdaşı könüllü olaraq bu prosesə qatılıb. Fevralın 14-ü isə metropolitenin «Nərimanov» elektrik deposunda könüllü qanverənlər üçün şərait yaradılıb və 165 nəfər aksiyaya qoşulub. Metropolitençilər qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün artıq ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq, ötən illərlə müqayisədə bu il daha fəal olublar.
Kampaniyanın təşkil olunmasında məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olub.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Qeyd edək ki, artıq üç ildir ki, fevral ayının ilk yarısında metropolitendə belə aksiya təşkil olunur və bu könüllü aksiyaya qoşulanların sayı hər il artmaqda davam edir. Əgər 2015-ci ildə bu aksiyaya qoşulanların sayı 200 nəfərə qədər idisə, keçən ilə görə müvafiq rəqəm 330-dur. Bu il isə iştirakçıların sayı 400 nəfərə yaxınlaşıb.