z
15 DEKABR / 2023 / 15:47
Bakı metropoliteninin çoxminlik kollektivinə ağır itki üz verib. Metropolitenin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov dünyasını dəyişib.
Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdu.
1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsini qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə bitirmişdi.
O, Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlamış və metropoliten rəisi vəzifəsinə qədər şərəfli əmək yolu keçmişdi. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olmuşdu.
C.Yusifov 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilmiş, 1997-ci il iyulun 27-nə qədər Bakı metropoliteninin rəisi vəzifəsində işləmişdi. O, sonrakı illərdə əmək fəaliyyətini başa vurana qədər Bakı metropolitenində müxtəlif vəzifələrdə davam etdirmişdi.
C.Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeninə layiq görülmüşdü. Bakı metropolitenində göstərdiyi xidmətlərə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdi.
Ömrünün 50 ilə yaxın dövrünü Bakı metropoliteninə həsr etmiş Cəfər Yusifovun xatirəsi Bakı metropoliteni kollektivində daim hörmətlə anılacaq.
Allah rəhmət eləsin!