z

Korroziyaya qarşı mübarizədə yeni üsul və vasitələr tətbiq olunur

Korroziyaya qarşı mübarizədə yeni üsul və vasitələr tətbiq olunur

06 MART / 2017 / 00:00

Bakının mürəkkəb geoloji şəraiti metropolitenin fəaliyyətinə də təsir edir. Ən ideal hermetiklik, ventilyasiya sisteminin yüksək səmərəli işi metro tunellərini və avadanlıqlarını atmosfer korroziyasının dağıdıcı təsirindən qoruya bilməz. Ümumiyyətlə, Bakı metropolitenində həm atmosfer, həm də elektrokimyəvi korroziyanın təsirlərinin araşdırılmasına, onlarla mübarizəyə xüsusi diqqət yetirilir.
«Bakı Metropoliteni» QSC yaradıldıqdan sonra bu istiqamətdə tətbiq edilən yeniliklər sayəsində yerinə yetirilən işlərin səmərəsi xeyli artıb. İlk növbədə, korroziya ilə mübarizə sahələrinin sayı iki dəfə artırılaraq 6-ya çatdırılıb, orada çalışanların sosial qayğılarına diqqət artırılıb, iş yerlərində maksimum rahatlıq yaradılıb. Korroziya ilə mübarizə briqadaları 2014-cü ildə 21842,3 kv.m sahəni təmizləmişdilərsə, 2015-ci ildə bu rəqəm 85311,45 kv.m olub. 2016-cı ildə tunel geyiminin korroziyadan təmizlənməsi 100 minlik həddi keçərək, 122502,167 kv.m-ə çatıb.
Tunellərdə korroziya ilə mübarizədə ən effektli vasitələr korroziya əleyhinə boyalardır. Son üç ildə tunellərdə tətbiqi mümkün olan boyaların axtarışı, sınağı ilə bağlı əsaslı yeniliklər edilməklə, dünyanın aparıcı şirkətləri ilə əlaqələr yaradılıb, təcrübə mübadiləsi genişləndirilib. Bu müddət ərzində 11 şirkətin təklifi əsasında 13 müxtəlif boya və digər məhsullar sınaqdan çıxarılaraq Bakı metropoliteni şəraitində istismara yararlığı qiymətləndirilib.
2014-cü ilin aprelində metropolitenin müvafiq laboratoriyasının nəzarəti ilə ABŞ istehsalı olan polimer əsaslı birkomponentli “Rust Grip” boyası tuneldə sınaqdan çıxarılıb. Sınaq müddətində təzyiqli su şırnağı ilə yuma və rəngin çəkildiyi səthə göstərilən mexaniki təsirlər qopma, əzilmə, dağılma yaratmayıb. Rəngin açıq tonlarda olması tunelin estetik görkəmini büsbütün dəyişərək, onun erqonomik rahatlığını təmin edib. 2014-cü ildən bu günədək 110297,54 kv.m tunel geyimi “Rust Grip” boyası ilə rənglənib. 2015-ci ildə "Moist Metal Grip", daha sonra ikikomponentli eboksid tərkibli “Carbomastic-615” boya sınaqdan uğurla çıxıb, istifadəyə yararlı sayılıb. 2016-cı ildə sınanan “Noxyde” markalı boyanın keyfiyyət göstəriciləri yüksək olduğundan, korroziyanın daha kəskin olduğu sahələrdə istifadə olunur. Onunla 3 161,79 kv.m sahə rənglənib.
Görülən işlərin səmərəsini artırmaq məqsədilə, 2014-cü ildən işlərin həcminin hesablanmasında yeni standart tətbiq edilməkdədir. Tübinq səthlərinin hesablanmasının vahid standartı mütəxəssislərin rəyi əsasında qəbul olunub. Hazırda tunel və şaxtalarda korroziyadan təmizlənməyə və rənglənməyə ehtiyacı olan tübinqlər bu hesab nəticəsində müəyyən olunur və təsnifatı hazırlanır.
Korroziya ilə mübarizənin səmərəsini artıran əsas qərar müvafiq material-texniki bazanın yaradılması oldu. Diaqnostika və metroloji təminat mərkəzinin yaradılması ilə korroziya laboratoriyası onun tərkibində xüsusi sahəyə çevrildi. Nəticədə, boyaq maddələrin sınaq işlərinin, korroziyanın miqyasının və səbəblərinin araşdırılması üçün primitiv, kustar üsul və alətlərdən istifadə olunurdusa, indi daha yüksək texnoloji məhsullar, alət və avadanlıqlar tətbiq edilir.
Korroziyanın illik sürətini, qurğuların aşılanma dərəcəsini, korroziya əleyhinə boyanın keyfiyyətini təyin etməyin əhəmiyyəti böyükdür. Bu parametrlərin təyin edilməsi üçün son 3 ildə 10 fərqli istiqamətdə ölçmələrə imkan verən 5 tipdə və 13 adda 40 cihaz, alət və avadanlıq alınıb. Yeni cihazlarla metalın səthində korroziyaya uğramış məhsulun təmizlənmiş və təmizlənməmiş hissəsinin qalınlığı, havanın, metal səthinin və şeh nöqtəsinin hərarəti və nisbi rütubəti müxtəlif üsullarla öyrənilir. Həmçinin metal, ağac və beton məhsulların səthinə çəkilən yaş və tam qurumuş boyanın qalınlığı ölçülür, onun yapışma möhkəmliyi fərqli üsullarla təyin edilir, aqressiv mühitin təsirlərinin tunel geyiminə nüfuz dərəcəsi müəyyənləşdirilir. Yeni boyaq maddələrinin tətbiqi məqsədilə 4 ədəd yeni boyavurma aqreqatı da alınaraq istifadəyə verilib.
Bu tədbirlər sayəsində metropolitendə korroziya ilə mübarizə sürətlənib, onun səmərə və faydası artıb, məhsuldarlıq və işlərin miqyası effektiv sərhədlərə çatıb. Artıq qeyd olunan işlərə müəssisədən kənar sifariş əsasında sərf olunan vəsaitə də qənaət olunur.
İndi sahənin elmi-praktik bazasının yaradılmasına da münbit şərait var. Ən əsası, araşdırmaların və yoxlama-sınaq tədbirlərinin genişləndirilməsi korroziyanın səbəblərinin əsaslı öyrənilməsinə, yeni mübarizə vasitələrinin tətbiqinə şərait yaradıb. Bütün bunlar metropoliten tunellərinin təhlükəsiz istismar müddətini uzatmaqla, nümunəvi xidməti yüksək hədlərə çatdırmağa kömək edir.