z
18 DEKABR / 2023 / 14:17
Bakı Mühəndislik Universitetində (BMU) bu təhsil müəssisəsinin Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının birgə təşkilatçılığı ilə Karyera sərgisi keçirilib.
50-dən çox dövlət və özəl müəssisələrin, 1000-ə yaxın aktiv vakansiya və təcrübə proqramlarının nümayiş olunduğu tədbirdə “Bakı Metropoliteni” QSC-ni müəssisənin İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəhbərliyi və əməkdaşları təmsil ediblər.
Sərginin keçirilməsində məqsəd tələbələr və məzunların iş və təcrübə imkanlarını artırmaq, bu məqsədlə müxtəlif qurum və şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurulmasını təşkil etmək olub.
2000-ə yaxın şəxsin iştirak etdiyi sərginin gedişində tələbə və məzunlar şirkətlərlə ünsiyyət qurub, uyğun vakansiyalara CV-lərini təqdim ediblər.
Sərgidə Bakı metropolitenində peşələr və vəzifələr barədə tələbələr üçün təqdimat keçirilib və məlumatlar verilib. Qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-də hər bir sahənin xüsusiyyətləri nəzərə alınmaqla və son illərdə işə qəbulun yeni qaydalarını tətbiq etməklə xüsusi proqramlar həyata keçirilir. Bu gün qatar maşinistlərinin işə qəbulu tamamilə fərqli formatda təşkil edilməklə əsaslı nailiyyətlər əldə olunub. Artıq 60-dan artıq gənc bu layihə ilə işə qəbul edilib.
Daha bir layihə “Təcrübəçi” adlanır. Ali təhsilini başa vurmuş gənclərə praktiki vərdişlər və təcrübə tələbi olmadan müvafiq şərait yaradılır, onların kollektivə uyğunlaşması və iş yerində möhkəmlənməsi üçün şərait yaradılır. Bu isə son illərdə işlə təmin olunmaqda təcrübəyə görə çətinliklərlə rastlaşan gənclərə dəstək nümunəsidir.
Təqdimatda ən aktual sahələr, perspektivlər, karyera yüksəlişinə nail olmaq üçün imkanlar təqdim olunub. Tələbələrin çoxsaylı müraciətləri ətrafında müzakirələr aparılıb, onlara Bakı metropoliteninin intensiv təşkil etdiyi müxtəlif proqramlarda iştirakı tövsiyə olunub.